AZ

“Lukoil”də yanacağa su qarışması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Mövcud qanunvericiliyin tələblərinə əsasən, yanacaqdoldurma məntəqələrində istehlakçılara təqdim olunan yanacaq məhsullarına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən olunur”.

NOCOMMENT.az xəbər verir ki, bu məlumatı Oxu.Az-a açıqlamasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri Gülnar Hüseyn verib.

O qeyd edib ki, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair standartlar, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktlar öz hüquqi qüvvəsini saxlayır və təsərrüfat subyektləri tərəfindən həmin standartların və normativ hüquqi aktların tələblərinə riayət olunmalıdır.

“Məlumat üçün bildirək ki, yanacağa dair məcburi tələblər 2023-cü ildə qəbul olunmuş AZS 936:2023 “Daxili yanma mühərrikləri üçün yanacaq. Qurğuşunsuz benzin Texniki şərtlər” və AZS 934:2023 “Dizel yanacağı Avro. Texniki şərtlər” dövlət standartlarında əks olunub.

Standartların tələblərinə əsasən, benzinə dair əsas tələblər distilyasiya, mövcud qatran tərkibi, oktan ədədinin miqdarı, qurğuşun tərkibi və digər fiziki-kimyəvi göstəricilər, dizel yanacağına dair isə sıxlıq, alışma temperaturu, fraksiya tərkibi, setan ədədinin miqdarı və digər fiziki-kimyəvi göstəricilər hesab olunur.

Yanacağın ticarət dövriyyəsi ilə məşğul olan təsərrüfat subyektləri tərəfindən sözügedən standartların tələblərinə əməl edilməlidir. Eyni zamanda yanacaqdoldurma məntəqələrində buraxılan yanacağın həcminin və kütləsinin ölçülməsində yalnız “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tipi təsdiq edilmiş və yoxlama dövriliyinə uyğun olaraq yoxlamalara cəlb edilmiş ölçmə vasitələrindən istifadəyə yol verilir. Yoxlamanın nəticəsinə əsasən, ölçmə vasitəsi yararlı sayılırsa, yoxlama haqqında şəhadətnamə təqdim olunur və ya ölçmə vasitəsinin üzərinə yoxlama nişanı vurulur”, – deyə qurum rəsmisi bildirib.

G.Hüseyn vurğulayıb ki, istehlakçılar bu sahədə xidmətlərdən istifadə edərkən ölçmə vasitələrinin yoxlamadan keçirilib-keçirilmədiyini müəyyən etmək məqsədilə ölçmə vasitələrinin üzərində yoxlama nişanının olmasını və ya ölçmə vasitəsinə verilmiş yoxlama haqqında şəhadətnaməni tələb edə bilərlər.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılıb. Nəzərdə tutulmuş müddətdə Dövlət Xidməti yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama apara bilər.

Məlumat üçün bildirək ki, cari ilin 11 ayı ərzində vətəndaşlardan yanacağın keyfiyyəti ilə bağlı Dövlət Xidmətinə daxil olan 7 müraciətdən 1-i təmin olunub, 1 müraciət üzrə ərizədə qeyd olunan faktlar aşkar edilməyib, 2 müraciət üzrə vətəndaşa qanunamüvafiq tövsiyə və izahat verilib, 3 müraciət üzrə araşdırmalar davam etdirilir.

Yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı dəqiq faktlar (sübutlar) Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim ediləcəyi təqdirdə, qanunamüvafiq tədbirlər görüləcəkdir. Qeyd edilən mənfi hallarla qarşılaşan istehlakçılar Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ünvanı (office@competition.gov.az), birbaşa ərizə və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər”, – deyə G.Hüseyn qeyd edib.

13:48

Son günlər sosial şəbəkələrdə avtomobillərin yanacaq çənlərində su yığılması ilə bağlı şikayətlər geniş müzakirə mövzusu olub. Sürücülər narazılıqlarını ifadə edərək, problemin həlli üçün təcili tədbirlər görülməsini tələb ediblər.

NOCOMMENT.az Oxu.az-a istinadən xəbər verir ki, yayılan videogörüntülərdə yanacağın “Lukoil” yanacaqdoldurma məntəqəsindən (YDM) alındığı bildirilib. Görüntülərdə yanacaq çənindən su çıxması aydın şəkildə müşahidə olunub. Bu isə avtomobillərin mühərriklərinə ciddi ziyan vura bilər.

 

Məsələ ilə bağlı “Lukoil-Azərbaycan” QSC-yə sorğu ünvanladıq.

Qurumun Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, yaranmış problemlə bağlı ilk şikayət dekabrın 18-də daxil olub.

“Təəssüf ki, belə bir hadisə baş verib. Amma məsələ burada heç bir halda “Lukoil” YDM-də yanacağa su qatılmasından getmir. Əlbəttə ki, problem olubsa, biz müştərilərimizin bütün suallarına cavab verəcəyik.

Bu hadisənin baş verməsinə texniki qəza səbəb olub.

Əvvəlcə onu deyim ki, hadisə sosial şəbəkələrdə deyildiyi kimi bizdə 13 nömrəli YDM kimi tanınan, “Şamaxinka” ərazisindəki YDM-də yox, Azadlıq prospektində hamının “Qoşa yanacaqdoldurma məntəqəsi” kimi tanıdığı ərazidə, üzü mikrorayona gedən istiqamətdə yolun sağ tərəfindəki 19 saylı YDM-də baş verib.

Deməli, yağan yağışlarla əlaqədar çənin birində qəza olub, çən deşilib və içinə qrunt suları axıb. Aİ-95 markalı yanacaq da məhdud olduğuna görə həmin vaxt orada olan operatorun təcrübəsizliyindən dibinə su çökən çən tam olaraq doldurulub. Yəni bilərəkdən heç kim yanacağa su qatmayıb. Bu, sadəcə texniki qəzadır. Operatorlar o çəni tam olaraq doldurmalı deyildilər. Hazırda bu məsələ araşdırılır. Ziyan çəkən hər bir müştərimizin ziyanı şirkət tərəfindən qarşılanacaq, yəni sürücülərə dəyən zərər kompensasiya olunub və hazırda da olunur”, – deyə R.Ağayev vurğulayıb.

Sürücüyə dəyən ziyanın müəyyən edilməsi məsələsinə gəlincə isə, o qeyd edib ki, müraciət edən hər kəsin məlumatları yoxlanılır.

“YDM-də kameralar var. Sürücü vaxtı, saatı deyir, kameralarla baxırıq, dəqiqləşdiririk. Bundan sonra avtomobilin aparıldığı servislə əlaqə yaradılır, xərclər dəqiqləşdirilir və ödənilir. Bu barədə heç kimin şübhəsi olmasın. “Lukoil” elə bir şirkət deyil ki, öz müştərilərinə benzinlə bərabər su satsın.

Hazırda araşdırmalarımız davam edir. Bu günə kimi bizə 20 nəfər müraciət edib və onların hər birinə kompensasiya ödənilib. Hamısının arayışı, işin görülməsi barədə aktı, servisin arayışı və ödənilən pullar barədə bütün sənədlər toplanılıb.

İndi də texnoloqlarımız hadisə yerində işləyirlər. Lazımi bütün işlər görülür. Eyni zamanda, günahkar şəxslərin müəyyən edilməsi prosesi də gedir”,- deyə R.Ağayev bildirib.

 

 

 

phrase_var_article.chosen
5
3
nocomment.az

10phrase_var_article.sources