AZ

Biznesə dəstək üçün yeni fond işə başladı – PREZİDENTDƏN FƏRMAN - DETALLAR

Azərbaycanda sahibkarlara və biznesə dəstək üçün yeni mexanizm işə düşür.

FED.az xəbər verir ki, prezident İlham Əliyev dekabrın 23-də Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi barədə fərman imzalayıb. 

Qeyd edək ki, sözügedən fond hələ 2021-ci ilin oktyabrında prezidentin fərmanı ilə yaradılmışdı, amma indiyədək fəaliyyətə başlamamışdı.

Dünənki fərmanla, dövlət başçısı Biznesin inkişafı Fondu ilə bağlı 2 əsas sənədi - Azərbaycan Biznesinin İnkişafı Fondunun NizamnaməsiniAzərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə Qaydasını təsdiq edib. 

Nizamnaməyə əsasən, Biznesin İnkişafı Fondu bir neçə əsas məsələ ilə məşğul olacaq. Bunlar - müvəkkil təşkilatları (bank, BOKT, kredit ittifaqları) vasitəsilə və investisiya qoyuluşu formasında sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərmək, sahibkarların manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası verməkdir. 

Fərmanla təsdiqlənmiş Fondun vəsaitlərindən istifadə qaydasına əsasən Biznesin İnkişafı Fondu sahibkarlara güzəştli kreditlər verəcək (yalnız bank və BOKT-lar vasitəsilə), və güzəştli şərtlərlə digər maliyyələşdirmə həyata keçirəcək. 

Yeni fondun əsas funksiyalarından biri – qurum ölkə daxilində, eləcə də ölkə xaricində yerli biznesin inkişafı ilə əlaqəli olan istiqamətlərdə investisiya qoyuluşu şəklində maliyyələşdirmə ilə məşğul olacaq. Başqa sözlə, yeni fond tələb olunarsa, yerli bizneslərə dəstək üçünm onlarla birlikdə yatırım edəcək. 

Fondun sahibkarlara dəqiq hansı formada dəstək verməsi yaxın vaxtlarda daha dəqiq bilinəcək. Belə ki, Fərmanla Nazirlər Kakbinetinə tapşırılıb ki, sahibkarlara güzəştli kreditlərin verilməsi və investisiya yatırılması qaydasını dörd ay müddətində təsdiq edib, prezidentə məlumat versin. 

Fond 5 nəfərdən ibarət Müşahidə Şurası və idarə heyəti tərəfindən idarə olunacaq. Müşahidə şurasının 5 üzvündən 2-si İqtisadiyyat Nazirliyinin, digərləri isə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Neft Fondunun nümayəndələri olacaqlar. 

Biznesin İnkişafı Fondu dərhal fəaliyyətə başlayacaq – fərmanla İqtisadiyyat nazirliyinə tapşırılıb ki, 1 ay ərzində fondun əməkdaşlarının ştat tərkibini və maaşları barədə təkliflərini hazırlasın. 

Yeni fond 1 milyard manatdan artıq vəsaitlə fəaliyyətə başlayacaq – fərmana əsasən – ABİF-in nizamnamə fondunun məbləği 1 milyard 181 milyon manat müəyyən edilib. 

Seçilən
12
fed.az

1Mənbələr