“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Gələcəyin mühəndisi” V respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən (RUGİM) məlumat verilib.
Bildirilib ki, RUGİM və Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı ilə keçirilən müsabiqəsinin məqsədi ekoloji, enerji effektli və resursların qənaətinə yönəlik kosmik mühəndislik və tədqiqatlara gənc nəslin marağını artırmaq, məktəblilərin astronomik biliklərinin əhatəsini genişləndirmək, bu sahədə bacarıqlı kadrları aşkarlamaq olub.
Müsabiqə üzrə ümumilikdə 350 müraciət daxil olub. Canlı və onlayn formatda keçirilmiş seçim turunda respublikanın 20-yə yaxın bölgəsinin ümumtəhsil məktəb və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 150 şagird iştirak edib.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi Bakı Dövlət Universitetinin, Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Milli Aviasiya Akademiyasının, Tusi-Bohm Planetariumun, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və “Azərkosmos” ASC-nin mütəxəssisləri tərəfindən aparılıb.