AZ

“Şahdağ” Orta Dəhlizə qayıtdı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Şahdağ” gəmi-bərəsinin təmiri başa çatdırılıb. Gəmi yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımalara cəlb edilib. Ələt limanından yola salınan “Şahdağ” ilk səfərini Kurık limanına edib. Bu barədə XQ-yə ASCO-dan məlumat verilib.

Bildirilib ki, “Şahdağ”ın təmiri “Zığ” Gəmi Təmiri Zavodunda həyata keçirilib. Ötən müddətdə gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları təmir edilib, köməkçi buxar və köməkçi qazanlarında zəruri işlər yerinə yetirilib. Bununla yanaşı, gəminin gövdə hissəsi qaynaq edilib, boruquraşdırma və avtomatika işləri görülüb, elektrik, rabitə və elektroradionaviqasiya avadanlıqları təmir edilib, nasaz vəziyyətdə olan ehtiyat hissələri yenisi ilə əvəz olunub. Təmir işləri çərçivəsində gəmidə müasir, yeni tip sürətölçən “Laq” naviqasiya avadanlığı quraşdırılıb, suüstü hissə təmizlənərək rənglənib, dənizçilərin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində yenilənib.

Xatırladaq ki, uzunluğu 154,5 metr, eni isə 18,3 metr olan gəminin maksimal sürəti 12,5 uzeldir.

phrase_var_article.chosen
0
9
xalqqazeti.az

10phrase_var_article.sources