AZ

3 Azərbaycan vətəndaşı Kanadanın 4 bankından pul çəkib - 151 nəfər zərərçəkən var

Kanadadakı 4 bankın müştərilərinin kart hesablarından pul çəkməkdə ittiham olunan 3 Azərbaycan vətəndaşı hakim qarşısına çıxarılır. Onlardan biri təqaüd və sosial sığorta düzəltmək, işə adam qəbul etdirmək adı ilə də vətəndaşlardan pul almaqda günahlandırılır.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilir.

İttihama görə, dəstənin daha bir üzvü Türkiyə vətəndaşıdır və şəxsiyyəti istintaq tərəfindən araşdırılır.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində zərərçəkmişlər arasında xarici vətəndaşların da olduğu müəyyən edilib.

Araşdırmalarla M.Əsədovun vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə etdiyi müəyyən olunub.

Sonradan o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb. Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə ediblər.

Cavanşir Rüstəmzadə oğurluq ittihamı ilə özünü təqsirli bilmir. İşə adam düzəltmək, dələduzluq ittihamı ilə isə özünü qismən təqsirli bilib.

Digər həbs edilənlər - Mehman Əsədov və Novruz Qulami isə özlərini ümumiyyətlə təqsirli bilmirlər.

Mehman Əsədov ifadəsində Cavanşir Rüstəmzadəni tanıdığını deyib. Bu tanışlıq da “Bitcoin” alış-verişinə görə yaranıb.

“Cavanşiri Türkiyə vətəndaşı olan Telli xanım ilə tanış etdim. Bundan sonra internet vasitəsi ilə əlaqə saxladılar. Mənə də 3 faiz pul verdilər” - deyən Əsədov Kanadadan Azərbaycana pul göndərilməsindən xəbərsiz olduğunu bildirib.


Digər təqsirləndirilən Cavanşir Rüstəmzadə isə bildirib ki, Sumqayıt şəhərində bir nəfər “Bitcoin” nağdlaşdırmaq istəyib: “Bir xanımla danışdım. O da “Bitcoin” almağa razı oldu. Bundan sonra bir-bir banklarla danışdım ki, xaricdən gələn pulları hansı banklar qəbul edir”.

Cavanşir Rüstəmzadə dələduzluq ittihamına münasibət bildirərkən deyib ki, özünü Elm və Təhsil Nazirliyinin işçisi kimi təqdim etməyib.

O, Vəfa adlı xanımdan 15 min manat aldığını etiraf edib. Amma oğlunu işə düzəldə bilmədiyi üçün pulu geri qaytarıb.

Elmira və Səbuhi adlı şəxslərdən isə sosial sığorta düzəltmək adı ilə pul alan Cavanşir pulu geri qaytarmadığını etiraf edib. Cavanşir zərərçəkmiş şəxslərə dəymiş ziyanın böyük hissəsini ödəyib.

İş üzrə zərərçəkmiş tərəflərdən biri də “Rabitəbank”dır. Belə ki, xarici bank kartlarından çəkilən pullar “Rabitəbank”dakı hesablara köçürülüb. Xarici banklar bu işdən xəbər tutandan sonra pulu geri çəkiblər. Amma Cavanşir və dostları həmin məbləğləri çoxdan nağdlaşdırmış olublar.

Buna görə də “Zaminbank” indi pulunu təqsirləndirilən şəxslərdən tələb edir.


Kanadanın 4 bankının ümumilikdə 151 müştərisinin kart hesabından pullar yerli banklara köçürülübmüş. Cavanşir Rüstəmovun hesabına 68 min dollar, Novruzun hesabına isə 98 min dollar köçürülərək nağdlaşdırılıb.

Novruz Qulami pulları Cavanşirə çatdırdığını, qarşılığında 200-300 manat aldığını deyib.

Bizim.Media

Seçilən
6
3
bizim.media

4Mənbələr