Dünyada ehtiramla qarşılanan şəxsiyyət
Bütün çətinliklərdən və sınaqlardan çıxaraq öz hədəflərinə çatan, dövlətçiliklərini, müstəqilliklərini təmin edə bilən, milli kimliklərini qoruyan xalqları bir sıra vacib siyasi dəyər və meyarlar birləşdirir. Tarix göstərir ki, bunların arasında ən mühümü öz məqsədləri uğrunda tarixi mübarizələrdə həmin xalqlara müdrik və qətiyyətli liderlərin rəhbərlik etməsidir. Böyük fəxrlə qeyd etməliyik ki, respublikamızın son 55 illik tarixi Ulu Öndər Heydər Əliyevin ümummilli missiyaları və möhtərəm Prezident İlham Əliyevin Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirməsinin fonunda bunu təsdiq edən həqiqətlərlə zəngindir.
Diqqət yetirsək görərik ki, Ulu Öndər Heydər Əliyev həm sovet, həm müstəqillik illərində respublikamıza rəhbərliyə başlayanda ölkədə vəziyyət heç də ürəkaçan olmayıb. Əgər sovet illərində Azərbaycan öz inkişafına görə keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri idisə, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyimiz itirilmək, ölkəmiz parçalanmaq qarşısında idi. Böyük şəxsiyyət Heydər Əliyev hər iki mərhələdə özünün tarixi missiyalarını qətiyyətlə, inamla, milli və vətəndaş təəssübkeşliyi ilə yerinə yetirdi. Təsadüfi deyil ki, sovet dövründə Azərbaycanın hərtərəfli yüksəlişi, milli dəyərlərimizin qorunması və bütün bunların ən böyük nəticələrindən biri kimi müstəqilliyimizə gedən yolların əsaslarının yaradılması birmənalı olaraq Heydər Əliyevin liderlik missiyasının, xalqımız qarşısında misilsiz tarixi xidmətinin göstəricisidir. Bu siyasi kursun tariximizin növbəti mərhələsində davamı olaraq bizə müstəqil və sabitliyin hökm sürdüyü bir dövlətdə yaşamağı nəsib etdiyinə görə xalqımız hər zaman Ulu Öndər Heydər Əliyevə minnətdar olacaqdır.
Ona görə Heydər Əliyev siyasəti inkişaf, yüksəliş, müstəqil və güclü Azərbaycan deməkdir. Ona görə 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş prezident seçkilərində xalqımız cənab İlham Əliyevə ilk dəfə etimad göstərməklə Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, Azərbaycanın inkişafına, qüdrətlənməsinə, sabitliyə səs verdi. Geridə qoyduğumuz illərin mənzərəsi göstərir ki, Heydər Əliyev yolunun alternativi yoxdur. Ötən 21 ildə Prezident İlham Əliyevin Azərbaycana bəxş etdiyi uğurlar o qədər çoxdur ki, sanki 2 onillikdən deyil, əsrə bərabər bir dövrdən bəhs edirik. Bəli, bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan dövlətlər buna nail olmaq üçün 50 il, 100 il qət etməli olublar.
Statistik iqtisadi göstəricilər Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 21 ildə keçdiyimiz inkişaf yolunun nə qədər zəngin və əzəmətli olduğunu göstərir. Məsələn 21 il əvvəl Azərbaycanın dövlət büdcəsinin gəlirləri təxminən 1,2 milyard manat həcmində idi. 2025-ci ildə isə dövlət büdcəmizin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407 milyon manat olacaq. Müdafiə və milli təhlükəsizlik xərclərimizin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılacaq. Respublikamızın strateji valyuta ehtiyatları 2003-cü ildə təxminən 1,8 milyard dollar həcmində idi. Bu gün isə strateji valyuta ehtiyatlarımız 72 milyard ABŞ dollarını ötmüşdür. Təbii ki, artan maliyyə imkanları büdcəmizin böyüməsi, iqtisadiyyatın digər sahələri üçün əlavə imkanların yaranması deməkdir. Eyni zamanda artan maliyyə imkanları vətəndaşların sosial-rifahının yüksəlişində, əmək haqlarının və pensiyaların artımında özünü göstərir. Əlbəttə, ötən 21 ilin sosial-iqtisadi göstəriciləri ilə bağlı pensiyalardan başlamış, ÜDM-in həcminin, xarici ticarət dövriyyəsinin ölkəmizə yatırılan investiyaların miqyasının, sahibkarlıq subyektlərinin artımına qədər çoxsaylı rəqəmlər səsləndirmək mümkündür. Bu rəqəmlərin hər biri üzrə artım fərqi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafını ehtiva edən mühüm sosial-iqtisadi amillərdir.
Bəli, Azərbaycan bu dövrdə bütün inkişaf göstəricilərinə və nailiyyətlərinə görə zamanı qabaqlayıb və müstəqilliyinin üçüncü onilliyindən etibarən öz tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəlməyə nail olub. İndi dünyanın harasında olmasından asılı olmayaraq Azərbaycan deyəndə, güclü, qlobal səviyyədə nüfuz və söz sahibi olan dövlət göz önünə gəlir.
Bütün bunlarla yanaşı, indi dünyada Azərbaycanın adı gələndə həm də beynəlxalq münasibətlərdə ədalətsizliyin və hüquq prinsiplərinin tapdalandığı bir şəraitdə öz milli haqqını təmin etməyi bacaran, torpaqlarını müharibə yolu ilə işğaldan azad edən dövlət yada düşür. Prezident İlham Əliyevin memarı olduğu ən böyük tarixi uğurlarımız əlbəttə ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ötən ilin sentyabrında Qarabağda erməni separatizminə son qoyulmasıdır. Məhz Prezident İlham Əliyevin sayəsində son bir neçə əsrlik tariximizdə ilk dəfə olaraq zəbt edilmiş torpaqlarımız azad olundu. Bununla da Prezident İlham Əliyev dövlət və xalq qarşısında misli olmayan bir tarixi missiyanı layiqincə yerinə yetirdi. Cənab İlham Əliyev bununla da Ulu Öndər Heydər Əliyevin vəsiyyətini, xalqımıza verdiyi vədi şərəflə yerinə yetirdi.
Böyük Zəfərin məntiqi davamı olaraq bu gün Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpası, azad edilmiş torpaqlarımızın dirçəlişi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı bir daha Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətini və vətən sevgisini özündə ehtiva edir.
Azərbaycanın uğurları respublikamızın beynəlxalq nüfuzunun daha da yüksəlməsi ilə müşayiət olunur. Təsadüfi deyil ki, dünyada söz sahibi olan dövlətlərdən biri kimi qarşılanan Azərbaycan qlobal problemlərin müzakirəsində fəal iştirak edən dövlətlər sırasında yer alır. Bütün bunları təmin edən Prezident İlham Əliyev isə dünyanın nüfuzlu dövlət başçıları ilə bir cərgədə dayanan siyasi liderdir. Ötən ay Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, bu günlərdə isə Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi respublikamızın mühüm siyasi-diplomatik nailiyyətlərinin təcəssümü oldu. Görünən həm də odur ki, Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Azərbaycan qlobal səviyyədə mühüm tərəfdaş kimi tanınır. Eyni zamanda bu siyasi-diplomatik hadisələr Prezident İlham Əliyevin yüksək qlobal siyasi nüfuzunun növbəti uğurlu nəticələri kimi tarixə düşdü.
Bu günlərdə doğum günü münasibətilə Prezident İlham Əliyevin ünvanına dövlət başçıları, siyasi liderlər tərəfindən təbrik məktubları gəlir. Bu məktubların hər birinin məzmunu da ilk növbədə cənab İlham Əliyevin dünyada ehtiramla qarşılanan siyasi lider olmasından xəbər verir.
Doğum günü münasibətilə bütün seçicilərimiz adından Prezident İlham Əliyevi təbrik edir, dövlətimizin inkişafı naminə şərəfli missiyasında yeni uğurlar arzu edirik.
Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı