AZ

TÜRKİYƏ SURİYADA 300 MİNLİK ORDU HAZIRLAYIR - Rusiya və ABŞ təxliyə işlərinə başlayıb

Suriyada Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə 300 min nəfərlik yeni ordu qurulacaq.

Hurriyyet.az xəbər verir ki, bunu suriyalı general Əhməd Osman "Türkiyə Gazetesi"nə açıqlamasında bildirib.

Məlumata görə, Bəşər Əsədin devrilməsindən sonra nizami ordu strukturuna keçməyə hazırlaşan Suriya bütün müxalif qrupları paytaxt Dəməşqə çağırıb. Türkiyənin məsləhətləri və hərbi dəstəyi ilə bir yerə toplanacaq yeni ordudan əlavə, Türkiyə Silahlı Qüvvələrinin 5 kritik nöqtədə hərbçilərinin olacağı bildirilib.

Bundan əlavə, Türkiyənin Suriyanın dəniz, hava və quru qüvvələrinin yenidən qurulması prosesinə fəal şəkildə məsləhətçi-ekspert dəstəyi verəcəyi deyilir.

Suriyalı general Əhməd Osman türk nəşrinə açıqlamasında təcili olaraq 70-80 min nəfərlik ordu skeletinin formalaşdırılacağını bildirib. Suriya ilə bağlı beynəlxalq danışıqlar proseslərində hərbi nümayəndə kimi xidmət edən general Osman bu yaxınlarda ölkənin yeni lideri Əhməd əl-Şara ilə təkbətək görüşdüklərini qeyd edib.

"Dəməşqin məqsədi yaxın bir il yarım ərzində 300 min nəfərlik ordu strukturu yaratmaqdır. Daxildəki həssas vəziyyət və İsrail təhlükəsi bunu zəruri edir. Əsəd rejiminin süqut etdiyi gün 470 min nəfərlik bir polis, ordu və kəşfiyyat qüvvəsi var idi, lakin o struktur İsrailə və ya hər hansı başqa bir təhlükəyə qarşı deyil, öz xalqına qarşı mövqe tutmuşdu. Yeni ordu, rejimdə cinayətlə əlaqəsi olmayan zabitlər, kəşfiyyatçılar və sıravi əsgərlərlə qısa zamanda 150-200 minə çatacaq. Əsədin verdiyi koordinatlarla dağıdılan hərbi infrastrukturumuzu tez bir zamanda bərpa edəcəyik. Bu məqamda Türkiyənin hərbi dəstəyi fövqəladə əhəmiyyət kəsb edir",-deyə o, bildirib.

Xatırladaq ki, Əsədin devrilməsindən sonra qurulan hökumət ölkənin heç bir yerində fərqli hərbi və siyasi quruluşa icazə verilməyəcəyini bəyan edib. Türk nəşri yazır ki, PKK-YPG terror qrupunun rəhbərliyi dekabrın 8-dən etibarən çoxsaylı görüşlər üçün Dəməşqə müraciət edib. İlk tələbi PKK/YPG-nin indiki formada Suriya ordusuna qatılması olan terror cəbhəsi daha sonra tərksilah və sırf siyasi inteqrasiya tələb edib. Dialoq çağırışlarına əlavə olaraq Dəməşqdən bürokratiya, parlament və nazir kvotalarının da istəndiyi öyrənilib. Dəməşq rəhbərliyi isə bütün işğal olunmuş ərazilərin qeyd-şərtsiz təhvil verilməsinin lazım olduğunu, əks halda ilk əməliyyatın PKK terror dəhlizinə qarşı aparılacağını bildirib.

Xəbərə görə, Əsəd rejimi dövründə PKK tərəfdarlarına verilən vətəndaşlıqların ləğvi, terrorçuların Suriya hüdudlarından kənara çıxması, reyestr qeydlərinin yenidən təşkili, dəyişdirilmiş demoqrafik göstəricilərin orijinal formasına qaytarılması və Suriya vətəndaşı olan PKK üzvlərinin mühakimə olunması Dəməşqin terror qanadına ötürdüyü maddələr arasındadır. Hər şeyə baxmayaraq, Əhməd əl-Şara administrasiyası dəyişikliklərin bu prinsiplər işığında dialoq yolu ilə idarə olunmasının tərəfdarıdır.

Dəməşqin verdiyi qətiyyətli açıqlamalara paralel olaraq terrorçuların işğalı altında olan Həsəkə-Qamışlı-Raqqa xətti də aktivləşib. Ruslar Qamışlı-Ayn İsa-Hasake kimi PKK məntəqələrindən qüvvələrini çıxarmağa başlayıb. ABŞ isə Suriyanın ən böyük neft quyularından biri olan Hak əl-Ömərdən təxliyələrə başlayıb.

AzPolitika.info

Seçilən
0
1
hurriyyet.az

2Mənbələr