AZ

"Şəkər qəbulundan imtina etməyin, sadəcə olaraq..." - Professordan TÖVSİYƏ

Son illər müxtəlif təbliğat vasitələrində “şəkərdən istifadə etməyin”, “şəkər ağır xəstəliklərə səbəb olur”, “şəkər zəhərdir" kimi fikirlər gündəmdədir. 

 

Sözügedən fikirlərdə reallıq payı varmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən professor, tibb elmləri doktoru Musa Qəniyev deyib ki, şəkərin zərərli olması haqqında söylənilən əsas iddialardan biri, şəkər qəbulunun hiperinsulinemiya ilə müşahidə olunan qanda şəkərin miqdarının kəskin artımı və sonda şəkər xəstəliyinə səbəb olma riski ilə bağlıdır:

 

“Tək şəkər deyil, sürətlə qlükozaya parçalanan digər qida qəbulu, məsələn, ağ çörək fonunda da insulin ifrazının sıçrayışlı artımı təbii, qanunauyğun və normal bir haldır. İnsulin ifrazının artması tək karbohidrat mübadiləsinin tənziminə deyil, həm də baş beyində neyromediator sistemin modulyasıyasına səbəb olmaqla, “xoşbəxtlik hormonu” adlandırılan serotoninin endogen stimulyasiyasını törədir. Serotoninin strukturunun 9-tetrahidrokannabinol quruluşlu psixodeletiklərə oxşarlığı, insulin ifrazının atmasının, həm də həyat eşqi və illuziv fəallığın formalaşmasındakı rolunu təsdiq edir. Alman alimləri insulinin endogen stimulyasiyası fonunda törənən bu halı hətta “xəyali xoşbəxtlik hissi” və endogen depressiv halın özünütənzim mexanizmi kimi təqdim edir”.

 

Professor qeyd etdi ki, şəkər həm də beta-endorfin reseptorlarını oyatmaqla, hipofizin orta payında bu hormonun biosintezini artırır və digər zəruri fizioloji effektlərlə yanaşı, iştaha əleyhinə təsir də göstərir: 

 

“Yəni söylənilənlərin əksinə olaraq, şəkər əslində iştahanı artırmır, iştahaya moduləedici təsir göstərir. Şəkər adi yeyinti məhsusu deyil, o, orqanizmin daxili təlabatından irəli gələn təminat vasitəsi, ilk növbədə enerji mənbəyidir. Xüsusən beyin və əzələlərin normal fəaliyyəti üçün son dərəcədə zəruridir. Şəkər çatışmazlığı baş və onurğa beyinin qan təminatını pisləşdirir, başgicəllənmə, zəiflik, yuxululuq, intellektual fəallığın süstləşməsi, hətta şüurun qaranlıqlaşması və itməsinə səbəb ola bilər. Təbii ki, şəkərin qədərsiz miqdarda qəbulunun piylənmə, ürək-damar sistemi xəstəlikləri və digər ciddi xəstəliklərin baş verməsində əsas risk faktoru olması da həqiqətdir. Lakin bu hal orqanizmdə şəkərə olan tələbat və təminat mexanizmlərinin pozulması, buna səbəb olan xəstəliklərin nəticəsi kimi meydana çıxır. Halbuki, rafinəolunmuş şəkərin belə, gün ərzində 50 qram və ya 12 çay qaşığı qəbulu endogen təlabatın ödənilməsi üçün normal miqdar sayılır”.

 

Son olaraq, M.Qəniyev bildirdi ki, nəinki şəkər, istənilən yeyinti məhsulu, hətta adi suyun belə orqanizmin təlabatından artıq miqdarda qəbulu arzuolunmaz, yolverilməz və bir çox ciddi xəstəlikləri tətikləyən haldır: “Odur ki, şəkər qəbulundan imtina edilməsi deyil, onun daxili təlabatdan irəli gələn norma daxilində qəbulu təbliğ olunmalı və əhali arasında bu cür bilgilər yayılmalıdır”.

 

Günay Rəsulqızı

 

 

 

Seçilən
14
2
sfera.az

3Mənbələr