AZ

Müəllimlərin və həkimlərin də maaşı artacaq? – Millət vəkili AÇIQLADI

"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı gələn aydan 400 manata çatdırılacaq. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək".
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
 
Millət vəkili qeyd edib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq:
 
"Məbləğindən asılı olmayaraq, bu sektorlarda çalışanların maaşları artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan, dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqları artacaq”.
 
Deputat bildirdi ki, bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir:
 
“Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əməkhaqı 400 manatdan azdır və onlar 345-389 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əməkhaqqı isə 1125 manatdır. Minimum əməkhaqqının artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır”.
 
Deputatın sözərinə görə, Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əməkhaqlarında artımlar olacaq:
 
“Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca keyfiyyət meyarlarına əsaslanan əməkhaqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələrarası fərq nəzərə alınmaqla əməkhaqları müəyyənləşdiyi üçün bu sahələrdə də müəyyən işçilərdə maaş artımları istisna deyil. VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq”.
 
Seçilən
16
21
moderator.az

10Mənbələr