FİFA "Dinamo"nun (Kiyev Ukrayna) icarə əsasında "Tiqre"də (Argentina) çıxış edən hücumçusu Erik Ramiresi 6 aylıq futboldan kənarlaşdırıb.
QOL.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
FİFA-nın belə bir qərar qəbul etməsinə səbəb 26 yaşlı oyunçunun keçmiş klubu"Slovan"la müqavilə şərtlərini pozması olub.
Futbolçu "Slovan"la müqaviləsi olmasına baxmayaraq, komandasının 2023-cü ildə qış təlim-məşq toplanışına qatılmayıb. O, bunu klubdan vəd olunan pulu ala bilməməsi ilə izah edib. Bundan sonra "Slovan" Ramiresə maddi cəza tətbiq edib və ondan şikayət edib.
FİFA isə Bratislava təmsilçisinin şikayətini dəyərləndirib və Ramiresi 6 aylıq futboldan kənarlaşdırıb.
Məlumatda bildirilib ki, məhkəmənin açıqladığı təzminatı kluba ödəməyə razı olduğu halda Ramiresin cəzasını ləğv edə bilər.
Erikin "Dinamo" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Onun "Tiqre" ilə icarə sözləşməsi isə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Argentina klubunun futbolçunu almaq imkanı da var.
Bu mövsüm Ramires 29 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.