Azərbaycan idmançılarının əksəriyyəti məişətdə də, cəmiyyətdə də nümunədirlər.
Sfera.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.
Dövlət başçısı əmindir ki, bu dəfə Azərbaycan idmançıları qalib ölkənin nümayəndələri kimi idman arenalarına, döşəklərə, idman meydançalarına tamamilə fərqli bir ovqatla çıxırdılar:
"Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir".
İlham Əliyev Azərbaycan gəncinin necə biri olacağını da açıqlayıb:
"Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Yenə də deyirəm, əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir. Bu gözəl nəticə dövlətimizin gücünü bir daha göstərdi".