AZ

Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?

Azərbaycanda qanunsuz tikili və sənədsiz evlərlə bağlı illərdir ki, müzakirələr gedir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov mətbuata açıqlamasında ölkədə 400 minə yaxın qeyri-qanuni tikilinin qeydə alındığını deyib.

Sənədsiz, yəni çıxarışsız evlərin sənəd ala bilməməsinin bir sıra səbəbləri var.

Bəzi evlər yaşayış üçün təhlükəli ərazilərdə, yaşamağa icazə olmayan ərazilərdə tikilib.

Rüstəm Şahbazov da mühafizə zonalarına düşən tikililər məsələsinə toxunaraq, onlarla bağlı vəziyyətin daha fərqli yanaşma tələb etdiyini bildirib:

 

"Yüksək gərginlikli elektrik xətləri, qaz və su boruları, avtomobil yolları kimi ərazilərdə yerləşən tikililər xüsusi mühafizə zonalarına daxil edilir və fərqli normativlərlə tənzimlənir. Hər yaşayış məntəqəsi üçün spesifik şərtlər mövcuddur və bu sahələrdə yerləşən tikililərin hüquqi statusunun müəyyən edilməsi üçün xüsusi standartların təsdiq edilməsi üzərində işlər davam etdirilir. Vahid kadastr sistemi vasitəsilə müvafiq dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında hansı tikililərin mühafizə zonalarına düşdüyü müəyyən edilir. Hazırda bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanması prosesi gedir”.

Bildiyimiz kimi, sənədsiz evlərin qeydiyyata alınması, onların sənədləşdirilməsi üzrə müəyyən layihələr hazırlanır.

Maraqlıdır, bu layihələr həyata keçirilərkən mühafizə ərazilərində tikilən tikililərin aqibəti necə olacaq? Onların sahiblərinə kompensasiya verilə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, qadağan olunan ərazilərdəki tikilərin qanuniləşməsi mümkün olmayacaq:

“Son illər ərzində sənədsiz evlərin leqallaşması istiqamətində bir çox müzakirələr aparılır və dövlət qurumları tərəfindən addımlar atılmaq istiqamətində işlər görülür. Yaxşı tərəfi odur ki, qanunların təkmilləşməsi və leqallaşması istiqamətində daha çox işlər görülüb.

Mühafizə zolaqları ərazisində inşa olunmuş, qanunla tikintisinə yol verilməyən tikililərin aqibəti barədə mənə də dəfələrlə müraciət edirlər. Mühafizə zolaqlarına düşən, qadağan olan ərazilərdə inşa olunan fərdi evlər, tikililərin qanuniləşməsi mümkün olmayacaq. Bununla bağlı heç nə nəzərdə tutulmur”.

Elspert hesab edir ki, həmin evlərin sahiblərinə hər hansı kompensasiya verilməyəcək:

“Sadəcə sual yaranır ki, o evlər olduğu kimi qalacaqmı? Əsas məsələ odur. Yəni dövlət onların aradan qaldırılması üçün hər hansı iş görəcək, yoxsa yox... Əgər dövlət tərəfindən bu kimi evlərin təhlükəli olması barədə qərar veriləcəksə, sözsüz ki, bu evlər nə vaxtsa söküləcək. Amma söküldüyü təqdirdə kompensasiya ilə bağlı büdcədən vəsait ayrıla biləcəyini düşünmürəm”.

Seçilən
2
2
hurriyyet.az

3Mənbələr