AZ

Gürcüstanda yeni gərginliyin siqnalı - "Zurabişvili reallıq hissini itirib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dekabrın 29-da Gürcüstan Prezidenti Solome Zurabişvilinin səlahiyyət müddəti bitir və yeni Prezident Mixail Kavelaşvili vəzifəyə başlayır. Lakin Zurabişvili ölkədə yeni parlament seçkisinin təyin edilməyəcəyi təqdirdə hakimiyyəti "rejimin süqutu" ilə hədələyib. O, ölkədə Avropa İttifaqı ilə danışıqların dayandırılması qərarına qarşı etirazları dəstəkləyib və vəzifəsindən getməyəcəyini açıqlayıb. Bu isə Gürcüstanda gərginlik ocağının sönməyəcəyini gündəmə gətirir.
Mövzunu Oxu.Az-a şərh edən gürcüstanlı ekspert David Çikelidze bildirib ki, Salome Zurabişvili reallıq hissini çoxdan itirib, o, gürcü xalqına deyil, kollektiv Qərbə xidmət edir:
"Zurabişvilinin mitinqlərə çıxıb, orada yeni seçkinin keçirilməsini tələb etməsi reallığı dəyişməyəcək. Yəni Gürcüstanda yeni seçki olmayacaq. Çünki oktyabrın 26-da gürcü xalqı öz seçimini edib, bunu heç kimin yoxlamağa, sorğu-sual etməyə haqqı yoxdur. Salome Zurabişvilinin tələbi və rejimin dağılması təhlükəsi ilə bağlı fikirləri ciddi deyil. Çünki bu gün Gürcüstanda rejim yox, demokratik yolla seçilmiş hökumət var".
"Dekabrın 29-da Salome Zurabişvili prezident iqamətgahı ilə vidalaşmaq məcburiyyətində qalacaq ki, bu da qütbləşmənin zəifləməsinin başlanğıcı olacaq. Həmin vaxtdan sonra da Gürcüstanda daxili gərginlik xeyli düşəcək və bu gün mövcud olan dalğalanmalar azalmağa doğru gedəcək", - deyə şərhçi fikrini yekunlaşdırıb.
Siyasi şərhçi Azad Məsiyev də Oxu.Az-a açıqlamasında Gürcüstanda baş verən hadisələri Qərbin bu ölkəyə qarşı ədalətsiz davranışı kimi qiymətləndirib:
"Gürcüstan hakimiyyəti Avropaya inteqrasiya etmə barəsində dəfələrlə bəyanatlar verib, lakin Qərbin qoyduğu şərtlər Gürcüstan xalqının və dövlətinin maraqlarına uyğun deyil. Çünki Qərb Gürcüstanı alət kimi istifadə etmək istəyir. Gürcüstanın hazırkı prezidenti Solome Zurabişvilinin davranışı da gürcü xalqının və gürcü dövlətinin maraqlarına yox, Qərbin maraqlarına uyğun gəlir. Çünki xanım Zurabişvili özünü gürcü xalqının prezidenti kimi yox, Avropa İttifaqının Gürcüstandakı səfiri kimi aparır və istər çıxışları, istərsə də davranışları ölkəsinin konstitusiyasına, qanunlarına ziddir".
"Zurabişvili açıq şəkildə dövlət çevrilişinə çağırışlar edir. Xalq tərəfindən keçirilən seçkinin nəticələrini tanımaması və özünü hakim elan etməsi və Gürcüstanda səlahiyyətli nümayəndə kimi bəyan etməsi Gürcüstan dövlətinin qanunlarına və gürcü xalqının maraqlarına ziddir və vətəndaşları itaətsizliyə çağırmaq Gürcüstanda dövlət çevrilişinə cəhd kimi qiymətləndirilməlidir. Artıq Gürcüstanda yeni prezident seçilib və bu ölkədə sabitlik yaranmaqdadır. Təbii ki, Zurabişvilinin davranışı yenə də Qərbdən gələn bir təlimat əsasındadır. Bu cür davranışlar isə onun həm də gələcək taleyini sual altında qoyur. Əgər vəzifə səlahiyyətini aşaraq dövlət çevrilişinə çağırış cədləri varsa, bunu hüquq mühafizə orqanları qiymətləndirməlidir", - deyə şərhçi vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Gürcüstanda ölkə qanunvericiliyinə uyğun seçki keçirilib və bu seçkinin nəticəsi cəmiyyət tərəfindən normal qarşılanır:
"Yəni, gürcü xalqının əksəriyyəti "Gürcü arzusu" partiyasına səs verib, seçki nəticələrini tanımaq istəməyənlər isə məğlub olanlardır. Bu isə demokratiyaya ziddir. Demokratiyanın təməl prinsipi azlığın çoxluğa tabe olmasıdır. Amma azlıq çoxluğu qəbul etmək istəmir. Bir qrup soruşçu və Qərbdən maliyyələşən dairələr Gürcüstan xalqını itaətsizliyə çağırır və stabilliyi pozmağa cəhdlər edir. Hesab edirəm ki, Gürcüstanda yeni seçilən prezident qanuna uyğun olaraq konstitusion yolları öz səlahiyyətlərinin icrasına başlayacaq. Zurabişvilinin çağırışları isə mövcud qanunlara ziddir və bu addımlar Gürcüstanda sabitliyi pozmaq niyyəti daşıyır".
Mərahim Nəsib
Seçilən
2
50
oxu.az

10Mənbələr