AZ

Ermənistanın keçmiş prezidentləri Paşinyanı yalançılıqda ittiham etdilər - ŞOK İTTİHAMLAR

Ermənistanın üç sabiq prezidenti – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan dekabrın 23-də birgə bəyanat yayaraq baş nazir Nikol Paşinyanı “Dağlıq Qarabağ məsələsi ilə bağlı məsuliyyətdən yayınmaq üçün həqiqətləri təhrif etməkdə” ittiham ediblər.

Musavat.com-un hazırladığı xəbərə görə, keçmiş prezidentlər bildiriblər ki, Paşinyan ATƏT-in Minsk qrupunun – ABŞ, Rusiya və Fransanın həmsədr olduğu vasitəçilik təşəbbüsünün təkliflərini səhv təqdim edir. Onlar baş nazirin "Dağlıq Qarabağın" taleyi ilə bağlı məsuliyyəti üzərindən atmaq istədiyini qeyd ediblər.

Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan bu məsələni belə şərh edib:

“Paşinyan, "Dağlıq Qarabağın itirilməsinin məsuliyyətini" öz üzərindən atmaq üçün hər fürsətdən istifadə edir. Bu, onun ömrünün sonuna qədər üzərində qalacaq bir günahdır.”

Müxalifət: “Savaş qaçılmaz oldu”

Parlamentdə Koçaryanın başçılıq etdiyi “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan Paşinyanın 2020-ci ildəki siyasətini və açıqlamalarını Azərbaycanın 44 günlük Vətən müharibəsinə səbəb olan əsas amillərdən biri kimi göstərib. Onun sözlərinə görə, “1991-ci ildən bəri təklif edilən bütün nizamlama variantları hazırkı vəziyyətdən daha yaxşı idi”.

Müxalifət liderləri hesab edirlər ki, Paşinyan “Madrid prinsipləri”ni qəbul etməməklə, Ermənistan üçün fəlakətli nəticələr doğuran müharibəni qaçılmaz edib.

Paşinyan isə bir neçə dəfə “Madrid prinsipləri”ni tənqid edərək iddia edib ki, 1994-cü ildən bəri vasitəçilərin təklif etdiyi sülh planlarının hamısı Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını nəzərdə tutub və bunun əvəzində Ermənistana heç nə təklif edilməyib. Baş nazir 2018-ci ildə hakimiyyətə gəldikdən sonra bu reallığı erməni xalqına izah etməməsini öz “böyük səhvi” adlandırıb.

“Madrid prinsipləri” nə nəzərdə tuturdu?

ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülən “Madrid prinsipləri”ndə, ilk mərhələdə Qarabağa aid olmayan beş rayonun Azərbaycanın nəzarətinə qaytarılması, bölgədə kommunikasiyaların açılması, sülhməramlıların yerləşdirilməsi və köçkünlərin evlərinə qayıtması təklif edilirdi. Sonrakı mərhələdə Laçın və Kəlbəcər rayonları azad edilməli, azərbaycanlı icma Qarabağa qayıtmalı və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağın hüquqi statusu müəyyənləşdirilməli idi.

Qarabağ münaqişəsinin xronikası

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Lakin Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində həmin rayonlara və Qarabağın bir hissəsinə nəzarəti bərpa etdi.

2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda “lokal antiterror tədbirləri” keçirərək separatçı qurumun fəaliyyətinə son qoydu. Bunun ardınca bölgədən Ermənistana geniş əhali köçü baş verdi.

Hazırda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə danışıqlar aparılsa da, hələlik, yekun razılaşma əldə edilməyib.

Ermənistanın daxili qarşıdurmaları dərinləşir

Paşinyanın rəhbərliyi həm daxili müxalifət, həm də keçmiş prezidentlər tərəfindən tənqid olunur. Onunla keçmiş siyasi liderlər arasındakı ziddiyyətlər Ermənistan cəmiyyətindəki böhranı daha da gücləndirir. Xüsusilə də, Dağlıq Qarabağ məsələsindəki uğursuzluqların və ardıcıl siyasi dəyişikliklərin ölkədə vəziyyəti daha da ağırlaşdırdığı görünür.

Bu yazını Musavat.com "Azadlıq Radiosu"na istinadən hazırladı.

Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr