AZ

Müəllimlərə güzəştli kartlar bu tarixdə VERİLƏCƏK – Rəsmi AÇIQLAMA

Təhsil sahəsində çalışanlar, xüsusilə müəllimlər üçün nəzərdə tutulan “Təhsil kartları” layihəsi xeyli vaxtdır ki, gündəmdədir.

Bu kartların təhsil sahəsinin əməkdaşları, müəllimlər üçün müxtəlif güzəşt və imtiyazları özündə ehtiva etdiyi bildirilir.

Bəs, layihə nə zaman reallaşdırılacaq? Ümumiyyətlə, bu kartlarda hansı güzəştlər nəzərdə tutulub?

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova cavablayıb.

Mütəxəssis bildirib ki, fond hazırda "TələbəPlus" layihəsini yekunlaşdırmağa çalışır.

“Təhsil kartları” layihəsi isə hələlik müzakirə mərhələsindədir:

“Tələbə Plus” “VISA beynəlxalq ödəmə Şirkəti və Kapital Bank ilə birgə həyata keçirilir. Bu layihə Bakı və regionlarda olan (Mingəçevir, Gəncə, Lənkəran, Naaxçıvan ) 20 ali təhsil müəssisəsindən 170 min tələbəyə tətbiq olunub. Bu kartlar həm tələbələr üçün universitetə giriş-çıxış, həm təqaüd, həm də debit bank kartı kimi istifadə olunur. Yəni tələbə ona pul əlavə edə də bilir. Eyni zamanda bu kartla onlara müəyyən endirimlər, güzəştlər verilir. Kitab, geyim mağazalarında, kafe, restoran, kinoteatrlarda və s. Çünki bizim qurum Mədəniyyət Nazirliyi ilə müqavilə imzalayıb ki, bütün muzeylərdə, qalereyalarda tələbələrə bilet satışında 15 faiz endirim ediləcək”.

“Təhsil kartları”na gəlincə, mütəxəssis onların da eynən tələbə kartları kimi çoxfunksiyalı olacağını bildirib:

“Son günlər böyük marağa səbəb olan “Təhsil kartlar”ı layihəsi müəllimlər üçün nəzərdə tutulub və gələn ildən icrasına baçlanacaq. Hazırda layihə müzakirə mərhələsindədir. Bu səbəbdən onun hansı nə zaman, hansı ayda tətbiq olunacağını söyləmək çətindir. Layihə olduqca genişdir. Siz də bilirsiniz, müəllimlərin sayı tələbələrin sayından qat-qat çoxdur. Bu səbəbdən də layihənin hazırlıq işləri uzun zaman alır. Biz “Tələbə kartları”na başlamazdan qabaq böyük bir sorğu keçirmişdik ki, tələbələrimiz hansı endirimlərdən yararlanmaq istəyirlər? Bu kartın hansı mağaza, restoranlarda keçərli olmasını arzulayırlar? O sorğu nəticəsində də tərəfdaşlarımızın siyahısını müəyyən etdik və onlarla danışıqlara başladıq. Bütün bu proses eynilə müəllimlərlə də aparılacaq. Bu da vaxt alacaq. Daha sonra sorğuların cavabları, onların təhlili, kartların xaricdən sifarişi kimi məsələlər var. Eyni zamanda əməkdaşlıq etdiyimiz qurumların mühasibatlıqları ilə işləmək və s.Bütün bunlar çox uzun zaman alır.Həm fiziki, həm texniki baxımdan xeyli vaxt aparır”.

“Kartlar orta məktəb müəllimlərinə də şamil olunacaqmı” sualına gəlincə, Nərgiz Qədirova bu haqda da dəqiq məlumat verə bilməyəcəyini dedi: “Layihəyə kimlər qoşulacaq, necə olacaq, hansı güzəştlər, hansı imtiyazlar olacaq, bu haqda konkret məlumat yoxdur. Yalnız onu deyə bilərəm ki, layihənin detalları növbəti ildə, yəni müzakirələrin sonunda dəqiqləşəcək. Bütün məsələlər, meyarlar onda bəlli olacaq. Ona görə də “Təhsil kartları”nın növbəti tədris ilindən tez reallaşması mümkün deyil”.

Seçilən
3
1
turkustan.az

2Mənbələr