AZ

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dirçəliş, inkişaf ideyalarının və strategiyasının həyata keçirilməsində Sizə yeni uğurlar və qələbələr arzulayırıq. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə güclü, müasir, firavan, bir çox sahələrdə heyrətamiz nailiyyətlər əldə edən, regional və qlobal məsələlərdə əsas aktor rolunu oynayan ölkəyə çevrilib.

Biz dövlət quruculuğu və institusional inkişaf, işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və ölkənin sosial-iqtisadi strukturuna reinteqrasiyası, iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, respublikanın regional və qlobal məsələlərdə fəal rolu ilə bağlı əldə olunan nailiyyətlərə heyranıq.

Azərbaycanın işğal edilmiş ərazilərinin tarixi Qələbə ilə azad edilməsindən və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra həyata keçirilən quruculuq proqramı miqyası, sürəti və keyfiyyəti baxımından misilsizdir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Proqramının həyata keçirilməsi təqdirəlayiqdir.

Müharibədən sonrakı dövrdə ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regionda davamlı sülhün və sabitliyin bərqərar olması istiqamətində nümayiş etdirdiyiniz əzmkar səyləri də yüksək qiymətləndiririk.

Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq məsələlərdə öz rolunu və nüfuzunu möhkəmləndirməkdə davam edir. Bakıda COP 29 Sammiti kimi qlobal əhəmiyyətli tədbirin uğurla keçirilməsi bunun əyani sübutudur. Beynəlxalq məsələlərin bir çox aspektlərində prinsipial və ardıcıl mövqeyiniz, qarşıya qoyulan məqsədlərə nail olmaq bacarığınız sayəsində Siz dünyada yüksək nüfuz və hörmət qazanmısınız.

Cənab Prezident, biz regional təşkilat olaraq irəli sürdüyünüz təşəbbüslərin həyata keçirilməsi işinə dəstək verməyə hazırıq. Həmçinin Azərbaycanın GUAM-a üzv dövlətlər arasında bölüşə biləcəyi təcrübəsini öyrənməkdə də maraqlıyıq. Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirir, onun getdikcə daha da güclənəcəyinə inanırıq.

Zati-aliləri, doğum gününüz münasibətilə Sizə bir daha səmimi təbriklərimizi çatdırır, möhkəm cansağlığı, güclü, müasir, demokratik və firavan Azərbaycanın daha da inkişafı naminə bütün ideya və təşəbbüslərinizi həyata keçirmək üçün tükənməz enerji arzulayırıq”.

***

İsrail-Azərbaycan Birgə İqtisadi Komitəsinin sədri, İsrail Dövləti Maliyyə Nazirliyində nazir Zeev Elkindən:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə İsrail Dövləti adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Sizin Azərbaycan Respublikasının inkişafı üçün göstərdiyiniz sarsılmaz fədakarlıq olduqca təqdirəlayiqdir. Sizin liderliyinizlə xalqınız davamlı olaraq tərəqqi və uğur yolunda irəliləyir.

Xalqlarımız arasında tərəfdaşlıq və dostluq Sizin rəhbərliyinizlə inkişaf edir və biz bu dəyərli əlaqələri gələcək illərdə daha da dərinləşdirməyi səbirsizliklə gözləyirik.

Bu əlamətdar günün sevdiklərinizin və Sizi sevənlərin əhatəsində Zati-alinizə böyük sevinc bəxş etməsini diləyirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar arzulayıram.

Doğum gününüz mübarək, cənab Prezident!”

***

Bolqarıstan Prezidenti Rumen Radevdən:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə mənim və xanımımın səmimi təbrikimizi və xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Fürsətdən istifadə edərək bir daha əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı çox gözəl praqmatik və səmərəli əməkdaşlıq, həmçinin mövcud olan strateji tərəfdaşlıq münasibətləri gələcəkdə daha fəal şəkildə inkişaf edəcəkdir.

Bolqarıstan ilə Azərbaycanın səmərəli ikitərəfli təmasları və yüksək səviyyədə fəal siyasi dialoqu genişləndirmək, inkişaf etdirmək istəyi, həmçinin hər iki ölkənin buna hazır olması il ərzində həm ikitərəfli, həm də COP 29 kimi mühüm beynəlxalq formatlar çərçivəsində Sizinlə keçirilmiş görüşlər və danışıqlar zamanı dəfələrlə nümayiş etdirilib. Sizin şəxsi töhfəniz və iştirakınız, şübhəsiz ki, bütün bu məsələlərdə böyük rol oynayıb.

Mən ölkələrimiz arasında olan ən yüksək siyasi, dövlət səviyyəsində dialoqu 2025-ci ildə də davam etdirməyə hazıram.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerdən:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizə səmimi-qəlbdən cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni böyük nailiyyətlər, ölkənizin inkişafı planlarının uğurla reallaşmasını arzulayıram”.

***

Rusiya Federasiyası İnquşetiyanın birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevdən:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin Azərbaycan Respublikasının Prezidenti kimi çoxşaxəli fəaliyyətiniz dövrümüzün ən böyük dövlət, siyasi və beynəlxalq xadimi kimi yüksək istedadınızı üzə çıxarıb. Əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasi, iqtisadi, sosial və mədəni inkişaf strategiyasının ardıcıl və dəqiq şəkildə həyata keçirilməsi Sizə ölkədə və onun hüdudlarından çox-çox kənarda böyük hörmət, etimad və layiqli nüfuz qazandırıb.

Yüksək peşəkarlıq, zəngin həyat təcrübəsi, ən çətin vəziyyətlərdə siyasi kompromislər tapmaq bacarığı, çoxmillətli Azərbaycan vətəndaşlarının mənafeyinə uyğun sosial siyasətin uğurla həyata keçirilməsi Sizin beynəlxalq aləmdə hörmətinizi, nüfuzunuzu daha da artırıb.

Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə qarşıda duran vəzifələrin həyata keçirilməsində yeni-yeni uğurlar, firavanlıq, xoşbəxtlik və əmin-amanlıq arzulayıram”.

***

Dövlətlərarası Aviasiya Şurasının prezidenti Tatyana Anodinadan:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizin yüksək peşəkarlığınız, insani keyfiyyətləriniz, zəngin təcrübəniz, tükənməz enerjiniz və qarşıya qoyduğunuz məqsədlərə çatmaqda əzmkarlığınız ən mühüm dövlət vəzifələrini həll etməyə imkan verir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, mürəkkəb və çoxşaxəli fəaliyyətinizdə, Azərbaycan Respublikasının rifahı naminə bütün layihələrin və planların həyata keçməsində uğurlar diləyirəm.

Sizə və xanımınız Mehriban Əliyevaya dərin hörmətimi ifadə edir, xoşbəxtlik və rifah arzulayıram”.

***

Moldova Prezidenti Maya Sandudan:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə cansağlığı, sevinc, ölkənizə firavanlıq və tərəqqi gətirən fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.

Mən ötən ay Bakıda COP29-un təşkilində Azərbaycanın göstərdiyi səyləri qeyd etmək istəyirəm. Sammit qlobal iqlim çağırışları üzrə mühüm dialoq platforması rolunu oynadı. Biz bu müzakirələrin aparılmasında ölkənizin rolunu yüksək qiymətləndiririk.

Əməkdaşlığımızı davam etdirməyi və Moldova ilə Azərbaycan arasında qarşılıqlı maraq kəsb edən sahələrdə əlaqələri gücləndirməyi səbirsizliklə gözləyirəm.

Cənab Prezident, doğum gününüz münasibətilə Sizə bir daha ən xoş arzularımı çatdırır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Seçilən
1
6
qafqazinfo.az

8Mənbələr