Macəra turizmi adrenalini və həyəcanı sevənlər üçün xüsusi cazibədarlıq təqdim edən bir sahədir. Bu turizm növü yalnız adrenalin axtarışı ilə məhdudlaşmır, həm də xüsusi bacarıq və fiziki hazırlıq tələb edir. Bu fəaliyyətlərdə risklər mövcuddur ki, bu da macəra turizminin fərqliliyini artırır.
Mövzu ilə bağlı danışan turizm eksperti Ceyhun Aşurov bildirdi ki, buzda sürüşmə, dağa dırmanma, rafting, paraşütlə atlanma, paragliding kimi fəaliyyətlər bu sahənin əsas komponentlərindəndir.
"Macəra turizmi ümumiyyətlə elə bir turizm növüdür ki, burada xüsusi fiziki aktivlik tələb olunur. Adətən bunu təbiətdə edirlər və burada xüsusi bacarıqlar tələb olunur. Buna bəzən idman turizmi də deyirlər. Burada həqiqətən risk var və yaxud da real olmasa da, elə bir qəbul olunmuş bir risk var ki, bu xüsusi bacarıqlar olmadan bunları yerinə yetirmək olmur. Həmin aktiv qeyd olunan macəra turizmi növündən istifadə etmək olmur. Aktiv turistlər var ki, sırf məcara axtarırlar və adrenalin yaşamaq istəyirlər. Burada da qeyd olunduğu kimi, bu, buzda sürüşmə, dağıdırmanma, raftinq, paraşutdan atlanma, paroleydinq kimi turizm növlərində adrenalini sevən insanlar üçün gözəl bir fəaliyyət növüdür".
Ekspertin fikrincə, macəra turizmi yalnız adrenalini sevən turistlər üçün nəzərdə tutulmur. Bu turizm növü həm də turistlərin əyləncə dolu vaxt keçirməsini təmin edir və onları müxtəlif turizm məhsullarının istehlakçısına çevirir:
"Getdiyimiz bir məkanda, bir istiqamətdə bu kimi məcara dolu fəaliyyətlərin olması, təkliflərin verilməsi turistləri çox əyləndirir. Bəziləri sırf bunun üçün bu istiqamətdə səyahətlər edirlər. Turistlər sağlamlıq, idman, macəra və yaxud da başqa bir turizm növlərinin niyyətində səfərlər etsələr də, onlar digər turizm məhsullarının istehlakçılarına çevrilirlər. Məsələn, kimsə paraşut fəaliyyəti ilə bağlı və yaxud da dağa dırmanmaq üçün, yaxud ov turizmi ilə bağlı gedir. Burada onlar həmçinin yerin mədəniyyəti, təbiəti, insanları, oranın mətbəxi ilə də tanış olur".
C.Aşurovun sözlərinə görə, Azərbaycanda macəra turizmi sahəsində müxtəlif istiqamətlərdə inkişaf gedir.
"Azərbaycanda da, ümumiyyətlə, turizm fəaliyyətinin genişləndirilməsi üçün, qonaqların vaxtlarını səmərəli, mənalı, əyləncəli keçirmək üçün müxtəlif turizm məhsullarının olmasına ehtiyac var. Əlbəttə ki, biz nə qədər çeşidli turizm məhsulu təqdim edə biliriksə, o qədər biz qonaqları, turistləri həmin əraziyə destinasiyaya cəlb edə bilirik. Azərbaycanda da son dövrlər trekinq, dağıdırmanma, xüsusən paraşutdan atlanma "Beşbarmaq dağı" tərəfdə təşkil edilir. Bunlar yavaş-yavaş var və təkliflər müəyyən qədər məhdud da olsa, bizim bazarda mövcuddur. Əlbəttə ki, bunun sayı artarsa, turistlərin daha çox marağına səbəb olar və bu məqsədlə də turistlər həmin yerləri daha çox ziyarət edərlər. Məsələn, artıq qış mövsümü açıqdır, Şahdağa, Tufandağa üz tutanlar artır. İnsanların bəziləri sırf kanat, qışda xizəklə sürüşmək üçün belə bir təsisatlara gedirlər. Daha çox turistlər, hazırkı mövsümdə qış turizm fəaliyyətləri aktivətələrini, həyəcanı yaşamaq üçün həmin yerlərə üz tuturlar", - deyə ekspert bildirdi.
© Redaktor.az