AZ

"Bu hoqqaların əsasını özəl televiziyalar qoyub" - Ekspert



Xəbər derdiyimiz kimi, Daxili İşlər Nazirliyi TikTok sosial şəbəkəsində əxlaqsızlıq və təhlükəli fəaliyyətlərin təbliği halların qarşısını almaq məqsədilə tədbirlər həyata keçirib. Bu tədbirlər zamanı Abdullayev Emin və Rəşad qardaşları, tanınmış aparıcı Azər İsmayılov (Azər Zahid) və özünü şair kimi təqdim edən İlhamə Elşadqızı kimi Tiktokerlər saxlanılıb.

TikTok-da təhlükəli və əxlaqsız fəaliyyətlərin yayılması haqda Bakupost.az -a danışan sosioloq Elçin Bayramlı bu tədbirləri təqdirəlayiq adlandırsa da, onların gecikmiş olduğunu vurğulayıb:

“Hər halda bu addımı təqdirəlayiq saymaq olar. Çox uzun illərdir ki, biz bu barədə həyəcan təbili çalır, tənqid edir, ifşaedici faktlar göstəririk. Heç bir reaksiya yox idi. Bu sahədə tam bir xaos, anarxiya vardı. Açıq şəkildə Azərbaycan xalqına qarşı mənəvi-əxlaqi terror aktı baş verirdi. Instagram Tiktokdan da betərdir. Sadəcə “TikTok”da kütlə daha çoxdur və orada heç bir qanun, dövlət, xalq yoxdur. Ağla gələn-gəlməyən istənilən hər şeyi orada törədirlər. Orada dövlət də, xalq da təhqir olunur. İnsanlar ağır söyüşlərə məruz qalır, narkomaniya, sadizm, zorakılıq, cinsi təcavüz, insan alveri kimi hallar açıq şəkildə təbliğ olunur".


Sosioloq əlavə edib ki, yalnız bir neçə belə hadisənin qarşısını almaqla kifayətlənmək olmaz:

"100 minlərlə belə fakt var. Dövlət nəhayət, göstərməlidir ki, xalqın milli-mənəvi dəyərlərini qoruyur. Heç kim bu ölkədə at oynada bilməz. Sosial şəbəkə dövlətə qarşı öz sistemini quracaq səviyyədə ola bilməz. Hətta bəzi ölkələrdə belə şəbəkələr birbaşa bloklanır, ya da həmin şəbəkələrdəki kanallar və səhifələr bağlanır.

Yəni burada dövlətin sərt və güclü müdaxiləsi lazımdır. Sağlam cəmiyyətlərdə insanlar özləri belə halları boykot edir, bloklayır, heç dövlətə ehtiyac olmur. Amma bizdə elə cəmiyyət yoxdur. Buna görə də yalnız dövlət bu məsələlərlə ciddi şəkildə məşğul olmalıdır. Ən azı minlərlə şəxs ağır şəkildə cəzalandırılmalı, bu kanallar bağlanmalıdır."

O, Rabitə Nazirliyinin informasiya təhlükəsizliyi idarəsinin fəaliyyətini də tənqid edib:

“Rabitə Nazirliyində İnformasiya Təhlükəsizliyi İdarəsi var, amma heç bilmirəm nə işə yarayır. Ortada onun işi görünmür. İndi onlar deyə bilər ki, biz sırf informasiya və dezinformasiya məsələlərinə baxırıq. Bunu başa düşdük. Amma o sahədə də işləmirlər, orada da biabırçılıqdır”.

Elçin Bayramlı diqqəti televiziya kanallarının məsuliyyətinə də yönəldib:

"Bu hoqqanın əsasını özəl televiziyalar qoyub. Onların yaratdığı mənəvi dəyərlərdən məhrum insanlar sosial şəbəkələrə transfer edilib. Bu gün özəl kanallardakı biabırçı verilişlər bağlanmalıdır. Əxlaqsızlıq, pozğunluq, narkomaniya, insan alveri təbliğatı ilə məşğul olanlar ağır şəkildə cəzalandırılmalıdır".

Lalə Novruz, BakuPost

Seçilən
16
bakupost.az

1Mənbələr