AZ

Milli Məclisdə "Gürcü Arzusu"nun nümayəndələri qəbul olunub

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 24-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin əhəmiyyəti qeyd edilərək, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu, xalqlarımızın həmişə bir-birinin yanında olduğu bildirilib.

Qafarova Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması ilə bağlı məsələyə münasibətdə Gürcüstan nümayəndə heyətinin göstərdiyi dəstəkdən məmnunluğunu bildirib.

Görüşdə hər iki ölkənin parlamentinə seçkilərdən sonra yeni tərkibin fəaliyyətə başladığı və qarşıdakı dövrdə də əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyi vurğulanıb.

Mikanadze öz növbəsində Azərbaycan və Gürcüstan arasında böyük dostluq əlaqələrinin mövcud olduğunu, bəzi "dostlar"ın Azərbaycan və Gürcüstanın bir yerdə olmasından narahatlıq keçirdiyini söyləyib. O, Azərbaycanın Gürcüstana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Qonaq Gürcüstanda keçirilən həm parlament, həm də prezident seçkilərindən sonra ilk təbriklərin də Azərbaycandan gəldiyini qeyd edib.

Tərəflər hər iki ölkəyə qarşı mövcud olan ikili standartlara qarşı mübarizədə də birgə addımlamağın vacibliyi qeyd ediblər.

Seçilən
3
2
turan.az

10Mənbələr