Tanınmış aparıcı Azər Zahid (“azerzahid6669966”), eləcə də “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri Abdullayev Emin və Rəşad qardaşlarının və digərlərinin əxlaqsızlığın təbliğinə görə saxlanılması cəmiyyətdə müzakirələrə səbəb olub.
Ölkə.Az xəbər verir ki, “TikTok”da əyləncə yarışları təşkil edənlərin saxlanılması çoxluq tərəfindən dəstəklənib.
Sosial şəbəkə istifadəçilərinin çoxu adı çəkilən tiktokerlərlə yanaşı onlara jeton, hədiyyə göndərənlərin də saxlanılmasını tələb ediblər.
Bəs hüquqi baxımdan bu mümkündürmü?
Mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas Fərhad Mehdiyev deyib ki, tiktokerlərin hansı maddə ilə saxlanıldığı məlum olmadığından bu barədə dəqiq söz demək çətindir. Bununla belə, o, hüquqi baxımdan tiktokerlərin hansı maddə ilə saxlanıla biləcəyindən danışıb:
“Mən burada bir pozuntu görə bilmirəm. Cinayət Məcəlləsinin 153-cü maddəsində 16 yaşına çatmamış şəxsi seksual fəaliyyəti müşahidəyə cəlb etmə məsələsi var. Tutaq ki, kimsə seksual fəaliyyət göstərirsə, ona baxanlar arasında 16 yaşına çatmamış şəxslər ola bilər. Amma bu zaman seksual fəliyyət olmalıdır. Fəaliyyət də söz demək deyil. Ola bilər ki, o cür danışığı seksual fəaliyyət kimi götürüblər.
Ola bilsin ki, onlar CM-in 153.1 maddəsi ilə məsuliyyətə cəlb edilib. Onlara pul atanların isə məsuliyyətə cəlb edilməsi bir qədər çətin olacaq”.
Hüquqşünasın sözərinə görə, tiktokerlərə hədiyyə göndərənlərin də məsuliyyətə cəlb olunması məsələsi əməlin necə tövsif olunmasından asılıdır:
“Həmin şəxslərə baxıb pul göndərənləri cərimələmək üçün burada gərək cinayət hüququnun iştirakçılıq məsələsi tətbiq edilsin. Bu da alınmayacaq. Çünki hazırda saxlanılan şəxslərlə bağlı 153-cü maddənin tətbiq edilib-edilməməsi sual altındadır. Amma onların köməkçi sayılması üçün cinayətin törədilməsində səbəbli əlaqəsi, tipik hərəkətlərin törədilməsinə birbaşa yardımı olmalıdır. Amma həmin şoudakılar pul göndərilsə də, göndərilməsələr də danışır. Ona görə də bunun iştirakçılıq olduğunu düşünmürəm.
Ola bilsin ki, saxlanılan tiktokerlər İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq (ictimai qaydanı pozan hərəkət) maddəsi ilə saxlanılıblar. Bu şəkildə götürüldükdə inzibati həbs də verilə bilər. Fikirləşirəm ki, onlara böyük ehtimalla, xırda xuliqanlıqla, inzibati xəta məsuliyyəti ilə bağlı icraat açılıb və məsuliyyətə cəlb olunublar.
Əgər tiktokerlər dediyim kimi, xırda xuliqanlığa görə məsuliyyətə cəlb ediliblərsə, həmin şəxslərə pul atanları da, bəlkə, məsuliyyətə cəlb etmək mümkün ola bilər. Yəni ictimai qaydanı pozan birinə pul göndərmək xırda xuliqanlıq sayılıb-sayılmaması bu sual altındadır.
İstər inzibati, istərsə də cinayət hüququnda əməl çox dəqiq olaraq tövsif edilməlidir. Yəni bu əməl ora daxildir, yoxsa yox. Bizdə əxlaqsızlığı yaymaq kimi xüsusi bir norma yoxdur. Bizdə 16 yaşına çatmayanları əxlaqsız hərəkətlərə cəlb etmə, əxlaqsızlıq yuvaları təşkil etmə, fahişəliyə cəlb etmə, fahişəliklə məşğul olmaq və s. var. Bunların bəziləri cinayət, bəziləri isə inzibati məsuliyyət yaradır. Amma ümumiyyətlə, əxlaqsız hərəkətlər də ictimai qaydanı poza bilir. O zaman pozur ki, əxlaqsız hərəkətlər ictimaiyyətə açıq şəkildə sərgilənsin. Sosial şəbəkələr hər kəsə açıqdır. Bunlar da “TikTok”da olduğuna görə ictimai qaydanı pozucu mahiyyətə sahib olacaq”.
Billurə Yunus