AZ

Xətaidə mühüm tədbir keçirildi - Foto

Dekabrın 23-də Xətai Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə tədbir keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirildikdən və müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Azərbaycanın uğurlarından geniş bəhs edib. Bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf, tərəqqi yolu Azərbaycana möhtəşəm uğurlar qazandırır. Son 21 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır.

Cənab İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Azərbaycanın iqtisadi, siyasi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi, tarixi ədalət bərpa edildi, 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Üçrəngli Bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır. Bu, milli qürurumuzun, milli kimliyimizin təqdimatıdır.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, bu gün Azərbaycana hansı sahədən baxsaq davamlı uğurların şahidi olarıq. Möhkəm təməl bugünümüzün və gələcəyimizin əsasıdır. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində müstəqilliyini daimi və dönməz edən Azərbaycan bu gün tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası nəticəsində yaratdığı reallıqlarla regionda, dünya siyasətində yeniliklərə nail olub. Azərbaycan dünyaya əməkdaşlıq, sülh, əmin-amanlıq çağırışları ilə diqqətdədir. Tarixi Zəfərimizdən sonra ölkəmizin Ermənistana sülh təklifi, ötən dörd ildə üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirərək bunu qarşı tərəfdən də tələb etməsi ölkəmizin regionda dayanıqlı inkişafın, təhlükəsizliyin təmin edilməsində nə qədər maraqlı olduğunu nümayiş etdirir. İstər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də bir günlük antiterror tədbirləri birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. Bu birliyin də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Ümummilli Lider ilk gündən bu çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi daimi, əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir ideya-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir. 30 illik işğal dövrünün arxada qaldığı, hazırkı mərhələnin mühüm qürurverici hadisələrindən biri də Qarabağın tacı Şuşadanın dünya azərbaycanlılarını bir araya gətirməsi və bu məkandan birliyimizin dünyaya təqdimatı oldu.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə tədbirdə çıxış edərək bildirib ki, qalib, bütövləşən, yeni Azərbaycan 1993-cü ildən başlanan Heydər Əliyev yolunun uğurudur. Bu illər ərzində çətin və şərəfli yol keçən, keçmişini unutmayaraq bu günü ilə qürur duyan Azərbaycan xalqı daim irəliyə doğru böyük inamla addımlayıb və addımlayır. Ümummilli Lider Heydər Əliyev daim bu çağırışı edirdi ki, mənim üçün hər şeydən əziz mənim xalqımdır, Vətənimdir, torpağımdır. Ulu Öndər Heydər Əliyevin «Vətən birdir, hər birimiz bu Vətən üçün çalışmalıyıq» cağırışının davamı olaraq Prezident İlham Əliyev bildirir ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Dünya birliyimizi, həmrəyliyimizi, Vətən, torpaq sevgimizi 44 günlük İkinci Qarabağ müharibəsində gördü. Müharibənin rəmzinə çevrilən “Dəmir yumruq” həm birliyimizi, həm də gücümüzü dünyaya çatdırdı.

Vüqar Rəhimzadə son 21 ilin uğurlarının fonunda əminliklə qeyd edib ki, suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan yeni hədəflərə nail olmaqla bundan sonra da daha möhtəşəm uğurları ilə diqqətdə olacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezidentliyinin son dörd ili işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması, soydaşlarımızın doğma yurd -yuvalarına qayıdışı ilə xarakterizə edilir. Artıq arzular reallığa çevrilib, torpaq həsrətinə son qoyulub və bu ərazilərdə yeni həyatın başlanması ilə Azərbaycanın dayanıqlı inkişafı üçün yeni imkanlar açılır.

Millət vəkili Pərvanə Vəliyeva çıxışında Azərbaycanın bugünkü uğurlarını şərtləndirən amillərdən geniş bəhs edib. Bildirib ki, bugünümüzü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə Azərbaycanın haradan hara gəlib çıxdığını görməklə yanaşı, kimə borclu olduğumuzu indiki və gələcək nəsillərə çatdırmaq bir çağırışa çevrilir. Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində böyük faciələrlə, təhlükələrlə üz-üzə qalmışdı. Xalqın sabaha ümidi yox idi. Həmin dövrün reallıqları hər bir ölkənin inkişafında lider və düşünülmüş siyasət amillərinin rolunu daha aydın şəkildə təqdim edir. Dövlətini, xalqını düşünməyən, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan həmin dövrün iqtidarının Azərbaycanı üzləşdirdiyi çətinliklərdən xilas edən Ümummilli Lider Heydər Əliyev oldu. Heydər Əliyev siyasətinin uğurlarını bu gün hər addımda görür və bundan qürur duyuruq. Ulu Öndər Heydər Əliyev yenidən qurduğu Azərbaycanın davamlı inkişafını arzuladı və 2003-cü ildə xalqa tarixi müraciətində növbəti inamın ünvanını göstərdi. Son 21 ilin uğurları bu etimadın doğrulduğunun göstəricisidir. Cənab İlham Əliyev bu gün ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir.

Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov qalib Azərbaycanın dünənindən və bugünündən danışıb. Vətən övladlarının Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək canları, qanları ilə tarix yazmasını torpaq, Vətən sevgisinin təsdiqi kimi vurğulayıb. Bildirib ki, onların həyat yolu bir dastandır.

Ümummilli Lider Heydər Əliyev daim bu çağırışı edirdi ki, Azərbaycanın gələcəyi indiki və gələcək nəsillərə nəyi və necə öyrətməyimizdən asılıdır. Bu gün vətənpərvər, milli ruhda böyüyən gəncliklə fəxr edirik.

Tədbirin sonunda YAP üzvü olan bir qrup fəal yubileyləri münasibətilə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin YAP sıralarına yeni daxil olanlara partiyanın üzvlük vəsiqəsi təqdim edilib.

Tədbir musiqi proqramı ilə davam edib.

Seçilən
1
2
axar.az

3Mənbələr