AZ

Ceyhun Bayramov Koreya səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonqu diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.Bu barədə XİN-dən bildirilib.

Görüş zamanı Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

Bayramov səfir Li İn-Yonqa Azərbaycanda diplomatik fəaliyyəti müddətində göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddət ərzində iqtisadiyyat, investisiyalar, nəqliyyat-kommunikasiyalar, humanitar, təhsil, dövlət xidmətləri və s. istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyətinin müzakirə edildiyi görüş zamanı həmçinin, əlaqələrin inkişaf perspektivlərinin mövcudluğu vurğulanıb.

Xüsusilə peşə və ali təhsil istiqamətləri üzrə birgə əməkdaşlıq çərçivəsində yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Koreya Respublikasının İNHA Universiteti ilə Bakı Mühəndislik Universitetinin ikili diplom proqramlarının əldə olunan vacib nailiyyətlər sırasında olduğu qeyd edilib.

Azərbaycan və Koreyanın xüsusilə aidiyyəti qurumları arasında dövlət xidmətləri sahəsi üzrə daha geniş əməkdaşlıq imkanlarının mövcudluğu, Azərbaycanın "ASAN xidmət” modeli ilə bu sahənin öncüllərindən biri kimi qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.

Nazir Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində əldə olunan nailiyyətlərdən ətraflı bəhs edib.

Səfir Li İn-Yonq Azərbaycanda fəaliyyəti müddətində göstərilən dəstək və əməkdaşlığa görə təşəkkür edib, Azərbaycan-Koreya münasibətlərinin gələcək inkişafına ümidvar olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

www.anews.az
Seçilən
0
16
anews.az

10Mənbələr