AZ

Paşinyanın manipulayasiyaları bitib-tükənmir

Fransa, Hindistan və ABŞ Ermənistana ciddi hərbi dəstək göstərməkdə və onu ölümcül hərbi sursatlarla sürətlə silahlandırmaqda davam edir. Bu, həmin dövlətlərin Cənubi Qafqazda vəziyyətin yenidən gərginləşməsində, yeni qarşıdurmanın yaranmasında maraqlı olduqlarını sübut edir. Yeri gəlmişkən, son vaxtlar Ermənistanın müdafiə naziri Suren Papikyanın müxtəlif ölkələrə səfərləri  intensivləşib. Onun  sorağı Fransa və Hindistanla yanaşı, gah Çindən, gah Cənubi Koreyadan, gah da Yaponiyadan gəlir. Bu günlərdə Ermənistanın baş naziri  Nikol Paşinyan utanıb-qızarmadan bildirib ki, guya silahlanma yalnız Ermənistanın sərhədlərini və ərazi bütövlüyünü qorumaq məqsədilə həyata keçiririlir: “Bu, Azərbaycan üçün təhlükə deyil. Çünki biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və bunu tanımağa davam edirik". Amma gün kimi aydındır ki, Hindistandan "Pinaka" yaylım atəş sistemlərinin və Fransadan "Ceasar" haubitsalarının alınması sərhədlərin qorunması üçün deyil, uzaq məsafədə yerləşən obyektlərin məhv edilməsi məqsədini güdür ki, bu da Paşinyanın "yalnız müdafiə məqsədli", həmçinin sülhlə bağlı açıqladığı bəyanatlara əsla  uyğun gəlmir. Bu kimi silahların timsalında görünən odur ki, Ermənistan həm də aktiv hərbi əməliyyatlara hazırlıq niyyətini nümayiş etdirir. Xatırladaq ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ağır artilleriya qurğularından, o cümlədən "Smerç" reaktiv yaylım atəş sistemindən istifadə edib. Bu da çoxsaylı dağıntılara və mülki əhali arasında tələfatlara səbəb olub.

Bütün bunların fonunda Azərbaycan sülhlə bağlı əzmkarlığını davam etdirir. Elə bu əzmkarlığın sayəsində Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə böyük irəliləyiş əldə olunub. Hətta heç bir ölkənini vasitəçiliyi olmadan sülh sənədinin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Şübhəsiz, bu, böyük irəliləyişdir. Prezident İlham Əliyev dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə deyib: “Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam”. Yeri gəlmişkən, bu açıqlama Prezident İlham Əliyevin Azərbaycanın sülh məsələsinə prinsipial və qətiyyətli yanaşmasından geri çəkilməməsinin növbəti sübutudur. Bu, həm də  o deməkdir ki, rəsmi Bakının irəli sürdüyü şərtlər  yerinə yetirilməyəcəyi təqdirdə, İrəvanla sülhdən söhbət gedə bilməz. Şərtlər isə sadədir. Birincisi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın olması və elə  bu səbəbdən onun dəyişdirilməsi,  ikincisi, ATƏT-in artıq amorf quruma çevrilmiş Minsk qrupunun rəsmi şəkildə ləğvi. Bu məqamda dövlət başçımızın bu fikrini də xatırlatmaq yerinə düşər: “Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir. Prinsipcə bunlar hamısıdır, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq”. Doğrudur, bir neçə gün öncə Paşinyan ATƏT-in Minsk qrupu ilə bağlı açıqlama verərək bildirib ki, münaqişə bitibsə, onunla məşğul olan qurumlar ləğv edilməlidir. O, buna oxşar iddianı konstitusiya ilə bağlı da səsləndirib. Şübhəsiz, bunlar Hayastanın növbəti saxtakar gedişlərindən  başqa bir şey deyil. Digər tərəfdən, göründüyü kimi bu kimi addımlar Ermənistanın yarımçıq sülh bağlamaq niyyətindən xəbər verir.

Amma hələ də Ermənistan bu iki məsələyə barmaqarası yanaşır. Bu da istər-istəməz təcavüzkar ölkənin sülhü şübhə altına almasını, yeni müharibə axtarışında olmasını göstərir. Bütüb bunlar Azərbaycanın qələbəsini həzm edə bilməyən Ermənistanın, həmçinin anti-Azərbaycan dairələrin məkrli niyyətlərinin hələ davam etdiyinin əyani sübutudur. Halbuki, Ermənistan həmin dövlətlərin vədlərinə aldanmamalı, Azərbaycanın sülh səylərini dəstəkləməklə regionun təhlükəsizliyinə öz töhfəsini verməlidir. Yəni, Ermənistan hakimiyyəti dövlətimizin başçısının tələblərini yerinə yetirmək barədə düşünməlidir. Ermənistan isə hələlik bunun əksinə olaraq bölgədə maraqları olan ölkələrə qucaq açmaqda davam edir. Üstəlik, Ermənistan Avropa İttifaqının şərti sərhəddə yerləşdirdiyi “mülki  missiya”sının fəaliyyətini daha da genişləndirir. Artıq 40 nəfərlə “iş”inə başlayan bu missiyanın sayı Qərbin təhriki ilə 200 nəfərdən çox artırılıb. Özü də bu missiya tədricən NATO-nun missiyasına çevrilib.

Bəzi məlumatlara görə, fevral ayında missiyanın müddəti bitdikdən sonra guya Ermənistan tərəfi vaxtın uzadılması ilə bağlı müraciət təqdim etməyəcək, əvəzində formatı dəyişdirməyi təklif edəcək. Yəni, müşahidəçilər Ermənistan-Azərbaycan sərhədində yox, İrəvanda, yaxud Cermukda və digər şəhərlərdəki ofislərdə işləyəcək, əlaqədar qurumlardan aldıqları məlumatlar əsasında sərhəddəki vəziyyəti izləyəcəklər. Şübhəsiz, bu da Paşinyanın növbəti manipulyasiyasından başqa bir şey deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
11
ikisahil.az

1Mənbələr