AZ

2025-ci ilə böyük ümidlərlə gedirik - ŞƏRH

Xalqımızın vəziyyəti daha da yaxşılaşacaq və sülh sazişinin imzalanması ilə bölgəmizə sabitlik gələcək

 2024-cü ildə Azərbaycanın xarici siyasəti ikitərəfli və çoxtərəfli münasibətlər prizmasından əlamətdar vektorlarla yadda qaldı. Ermənistanla sülh gündəmində Azərbaycanın tələb və şərtlərinin parlaqlığı bir daha hiss olundu. Qazaxın işğal altında saxlanılan 7 kəndindən 4-ü Azərbaycana qaytarıldı. Ümumilikdə sülh proqramında başqa müsbət dinamikalar, o cümlədən sülh müqaviləsi üçün qarşılıqlı təkliflər mübadiləsinin həyata keçirilməsi proseslərin praqmatik xüsusiyyətlərini göstərir. Həmçinin, COP29-un keçirilməsi ilə Azərbaycan bununla beynəlxalq ictimaiyyətə ən güclü fikirlər verə biləcəyini sübut etdi. COP29-da iqlim maliyyəsi üzrə 300 milyard dollar ayrılmasına razılıq əldə edilməsi düzün və ədalətli beynəlxalq mexanizmlərin yaradılması üçün alternativ baza yaratdı. 
COP29 ümumilikdə Bakıda əldə edilmiş razılıqlar çərçivəsində yeni qlobal hədəflər təqdim edir. Bütövlükdə 2024-cü il Azərbaycanın xarici siyasəti münaqişələrin artdığı və eskalasiyaların genişmiqyaslı xarakter aldığı beynəlxalq dinamikada uğurlu nəticələrin əldə edildiyini göstərir.

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov "Şərq"ə deyib ki, 2024-cü il Azərbaycan üçün son dərəcə uğurlu illərdən biri kimi tarixdə qalacaq. Ekspert xatırladıb ki, 2023-cü ilin sonlarında keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın bütöv ərazisində suverenlik təmin olundu:

"Nəticədə yüz illərlə davam edən erməni separatizminə son qoyuldu. Qarabağdakı ermənilər könüllü şəkildə Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq təkliflərindən imtina edərək Ermənistana getdilər. Bəziləri gözlədi ki, Azərbaycana qarşı böyük böhtan və şər kampaniyası başlayacaq. Ancaq bədxahların gözləntilərinə uyğun olmayan hadisələr baş verdi. İlk növbədə 2024-cü ilin ən mühüm beynəlxalq tədbiri ollan COP29-un Azərbaycanda keçirilməsi barədə qərar qəbul olundu. Təbii ki, bu, erməni təbliğatına və onun havadarlarının planlarına böyük zərbə idi. Bütün səylərə rəğmən COP29 uğurla nəticələndi. Boykot çağırışları öz nəticəsini vermədi və konfransın gedişində mühüm qərarlar qəbul olundu. İqlim dəyişikliyindən zərər çəkən dövlətlərə hər il 300 milyard dollar yardım göstərmək barədə qəbul olunan qərar xüsusilə mühüm əhəmiyyətə malikdir. Hazırda işğaldan azad olnumuş ərazilərimizdə Qayıdış planına uyğun şəkildə işlər sürətlə davam edir. Bölgədə çox böyük tikinti-quruculuq işləri gedir. Ölkənin iqtisadi vəziyyəti addım-addım yaxşılaşır, sabitlik təmin olunub. Azərbaycan regionda çox böyük nüfuza malikdir". 

Siyasi şərhçi bildirib ki, sülh danışıqları istiqamətində də müəyyən irəliləyişlər var: 

"Baxmayaraq ki, Ermənistan bunun qarşısını almaq üçün əlindən gələni edir. Ancaq rəsmi Bakının tələbləri, şərtləri gec-tez qəbul olunur və olunacaq. Bütün bunlar Azərbaycanın uğurları sayılmalıdır. O baxımdan 2024-cü ilin uğurla başa çatdığını demək mümkündür. Eyni zamanda, 2025-ci ilə böyük ümidlərlə, daha ciddi iqtisadi uğurlar ümidi ilə gedirik. Ümid edirik ki, xalqımızın vəziyyəti daha da yaxşılaşacaq və sülh sazişinin nəhayət imzalanması ilə bölgəmizə sabitlik gələcək. Bütövlükdə dünyaya böyük problem yaradan Rusiya-Ukrayna müharibəsinin sonlanacağına, qonşu Gürcüstanda sabitliyin təmin olunacağına da ümid bəsləyirik".

Seçilən
34
sherg.az

1Mənbələr