Ukrayna Rusiyanın dondurulmuş aktivləri hesabına ilk vəsaiti alıb.
İndex.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram” kanalında bildirib.
“Ukrayna ABŞ-dən Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlir hesabına 1 milyard dollar alıb. Bu, G7 təşəbbüsü çərçivəsində Rusiya aktivlərinin istifadəsi hesabına ABŞ-nin ayırmağa hazır olduğu 20 milyard dollar məbləğində vəsait çərçivəsində ilk tranşdır”, – D.Şmıqal qeyd edib.
Baş nazir Ukraynanın qeyd olunan məbləğin qalan hissəsini nə vaxt alacağını dəqiqləşdirməyib.
Dekabrın 20-də məlum olub ki, Ukrayna Moskvanın dondurulmuş aktivləri hesabına vəsait almağa imkan verən sazişlər imzalayıb. D.Şmıqal qeyd edib ki, dondurulmuş aktivlərin istifadəsi mexanizmi çərçivəsində ABŞ-nin qarşıdan gələn töhfəsi hesabına Dünya Bankı tərəfindən geri qaytarılmayan qrant şəklində 1 milyard dollar ayrılacaq.
Xatırladaq ki, oktyabrda G7 ölkələrinin liderləri Ukraynaya 50 milyard dollar məbləğində kreditin ayrılmasının detalları ilə bağlı razılığa gəldiklərinə dair birgə bəyanat qəbul ediblər.