Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il 19 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək.
“Cebheinfo.az” xəbər verir ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər 2024-cü il 25 dekabr saat 10:00-dan 2025-ci il 6 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalıdırlar (şəxsi kabineti olmayanlar).
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının epayment.dim.gov.az səhifəsində verilib).
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri (şəhəri) seçilir. Sonra isə imtahan verəcəyiniz bölmə, xarici dil seçilir və “Qeydə al” düyməsi basılır.
“İmtahana buraxılış vərəqəsi” imtahandan 4-5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək.
Bildirək ki, sınaq imtahanında cari imtahan modelinə uyğun olaraq məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından, həmçinin xarici dil üzrə esse tipli yazı tapşırıqlarından istifadə olunacaq.
İmtahanda bu il olduğu kimi, bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə isə 25 test tapşırığı təqdim olunacaq.
Xarici dil üzrə test blokunda isə 20 test tapşırığı təqdim ediləcək, həmçinin bakalavrlar xarici dil üzrə yazı işi (esse) yazacaqlar.
Ümumi imtahan müddəti 3 saat 30 dəqiqədir. Test tapşırıqlarını cavablandırmağa 3 saat, esseni yerinə yetirmək üçün isə 30 dəqiqə vaxt verilir.
Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) 2025-ci il fevral ayında keçirilməsi nəzərdə tutulur.