Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli musiqiçisi, klarnet və saksafon ifaçısı, dirijor, bəstəkar və Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Day.Az xəbər verir ki, konsert Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Bu, tamaşaçılara ən dərin hisslər bəxş edən, unudulmaz xatirələrlə dolu xüsusi bir musiqi gecəsi idi. Sənətçilərin çıxışları aparıcı Tofiq Həsənsoyun adını ölkənin musiqi tarixinin şanlı salnaməsinə yazan maestronun həyat və yaradıcılığı haqqında hekayəsi ilə müşayiət olunub.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Estrada - Simfonik Orkestrinin müşayiəti ilə dirijor və pianoçu Elbəy Məmmədzadənin rəhbərliyi ilə tanınmış ifaçılar - İlhamə Qasımova, Aynur İskəndərli, Nigar Cəlilova və Rövşən Qəhrəmanov, Xalq artistləri Ənvər Sadıqov və onun "Qaytağı" ansamblı, Salman Qəmbərov və onun "Bakustic Jazz" qrupu çıxış ediblər. İmprovizasiya ilə yadda qalan isə Tofiq Əhmədovla uzun illər birgə çalışmış Xalq artisti Natəvan Şeyxova olub.
Konsert proqramı Tofiq Əhmədovun yaradıcılığının bütün istiqamətlərini əhatə edirdi - həm məşhur əsərləri, həm də uzun illər ərzində ifa olunmayan nadir kompozisiyaları səsləndirildi. Eyni zamanda, Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Rauf Hacıyev və Emin Sabitoğlu kimi böyük Azərbaycan bəstəkarlarının sevilən əsərləri maraqlı aranjimanda təqdim olundu. Sənətçilərin çıxışları ilə yanaşı, Tofiq Əhmədovun fotoları və video kadrları nümayiş etdirildi.
Sonra maestronun ailə üzvləri və yaxınları onun haqqında xatirələrini bölüşdülər.
Tofiq Əhmədovun qızı Humay Əhmədova tədbirin təşkilinə görə mədəniyyət naziri Adil Kərimliyə təşəkkürünü bildirib.
"Atam inanılmaz bir insan idi - incə, aristokrat, həm musiqidə, həm də həyatda. O, Azərbaycan Dövlət Konservatoriyasını yüksək qiymətlərlə bitirmiş və bütün həyatı musiqiyə həsr olunmuşdu. Kiçik bir kollektiv olan "Biz Bakıdanıq" ilə başlayıb, böyük bir caz-bend yaratdı. Azərbaycan radiosunun və televiziyasının Estrada-Simfonik Orkestrinə 20 il rəhbərlik edib və həyatının sonuna qədər bu vəzifədə qalıb. Cəmi 58 yaşında dünyasını dəyişdi, lakin çox işlər görməyə müvəffəq oldu. Onun yaradıcılığı həm də ona görə maraqlı idi ki, gənc ifaçılara, musiqiçilərə kömək edirdi. Korifeylərimiz Şövkət Ələkbərova, Sara Qədimova, Vaqif Mustafazadə, Rafiq Babayev və başqaları onunla işləyirdilər. Bir çoxları öz yaradıcılıq yoluna onun orkestrində başlamışdı, o, onlara xoşbəxt bir yaradıcılıq həyatı bəxş edirdi", - Tofiq Əhmədovun qızı Humay Əhmədova qeyd edib.
Daha sonra tədbirdə Xalq artisti, bəstəkar Eldar Mansurov çıxış etdi.
"Atam Bəhram Mansurov (Xalq artisti, tarzən - red.) Tofiq Əhmədovla dost idi və mən həmişə onların söhbətlərini xüsusi bir zövqlə dinləyirdim. Daha sonra onun oğlu Rövşənlə dost olduq, birlikdə Asəf Zeynallı adına musiqi məktəbində oxuduq, mən fortepiano sinfində, o isə klarnet sinfində təhsil alırdı. Tofiq Əhmədovun yaradıcılığı estrada sənətinin böyük bir tarixidir, o, milli mədəniyyətin inkişafı üçün çox işlər görüb və bir çoxları onun yolunu davam etdirib. Fəaliyyətimin ilk illərində "Səni sevə sevə" kompozisiyamı onun kollektivində Mirzə Babayev ifa edib. Tofiq Əhmədov gözəl insan idi, onun ailəsi də çox mehriban və qonaqpərvər idi. Onun estrada və caz sahəsindəki irsini daha geniş təbliğ etmək lazımdır", - o qeyd edib.
"70-ci illərdə mən artıq estrada orkestrinin solisti idim. Tofiq Əhmədov estrada orkestrinin rəhbəri olaraq həmişə musiqiçilərə böyük hörmət və sevgi ilə yanaşırdı. Aramızda çox isti münasibətlər yaranmışdı. O zaman mən çox gənc idim və o, mənim vokalist kimi yaradıcılıq qabiliyyətlərimi, səsimin tembrini yüksək qiymətləndirir, mənə parlaq bir gələcək vəd edirdi. O, mehriban, kollektivin ruhu olan, əla yumor hissinə malik bir insan idi. Onun rəhbərliyi ilə kollektivimiz Rusiya, Ukrayna, Belarus, Orta Asiya və Baltikyanı ölkələrin bir çox şəhərlərində qastrol səfərlərində olub, Azərbaycanın Mədəniyyət Günlərində, qala-konsertlərdə iştirak edirdi. Tofiq Əhmədov əla musiqiçi idi, klarnet və saksafonda ifa edirdi. Maestronun ifaçılıq məharəti ən yüksək səviyyədə idi", - çıxışı zamanı vokalist və gitarist Qasım Xəlilov qeyd edib.
Tofiq Əhmədov 1924-cü il fevralın 8-də Bakıda anadan olub. 1941-ci ildə klarnet və saksafon ifaçısı kimi bəstəkar Tofiq Quliyevin rəhbərlik və dirijorluq etdiyi yeni yaradılmış estrada-simfonik orkestrinə dəvət alıb. 1942-1945-ci illərdə Xəzər Donanmasının estrada ansamblında çalışıb. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəfəsli alətlər şöbəsinin klarnet ixtisasını bitirib. 1953-cü ildə Moskvada Ediy Roznerin rəhbərlik etdiyi estrada orkestrinə dəvət alıb və dörd il ərzində həmin orkestrin konsertmeysteri olub. Daha sonra, 1957-ci ildə musiqiçi Bakıya qayıdaraq "Biz Bakıdanıq'" estrada orkestrini yaradıb və 1961-ci ilə qədər ona rəhbərlik edib.
Tofiq Əhmədov ifaçı, dirijor, bəstəkar və musiqi tədbirlərinin təşkilatçısı kimi fəaliyyət göstərib. Bəstəkar olaraq onun çoxsaylı mahnıları və orkestr üçün əsərləri mövcuddur. O, Famil Mehdi, Fikrət Qoca, Tofiq Mütəllibov, Rafiq Zəka Xəndan, Nüsrət Kəsəmənli və digər şairlərlə əməkdaşlıq edib.
1960-cı ildən 1981-ci ilə qədər Tofiq Əhmədov Azərbaycan Radiosunun Estrada Orkestrinin rəhbəri və baş dirijoru olub. Əvvəlcə bu orkestr nəfəsli alətlərdən ibarət big-bend idi, sonradan simli alətlər də əlavə olunaraq, estrada-simfonik orkestrə çevrildi. Bu kollektivdə Müslüm Maqomayev, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Lütfiyar İmanov, Rauf Atakişiyev, Nətavan Şeyxova, İlhamə Quliyeva, Rauf Adıgözəlov, Mobil Əhmədov, Züleyxa Mirismayılova, Yalçın Rzazadə, Mübariz Tağıyev, Akif İslamzadə, Flora Kərimova, Elmira Rəhimova və digər tanınmış sənətçilər çıxış ediblər.
Orkestr Rauf Hacıyev, Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Xəyyam Mirzəzadə, Əziz Əzizov, Oqtay Kazımi, Ramiz Mirişli, Cavanşir Quliyev, Mobil Babayev, Faiq Sücəddinov, Eldar Mansurov, Oqtay Rəcəbov, Musa Mirzəyev, Ruhəngiz Qasımova və digər bəstəkarların əsərlərini ifa edib. Tofiq Əhmədov bu kollektivin bədii rəhbəri və baş dirijoru kimi həyatının sonuna qədər fəaliyyət göstərib. O, 1981-ci il martın 23-də dünyasını dəyişib.