AZ

Azərbaycanın aviasiya tərixindəki dəhşətli təyyarə QƏZALARI

25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəzaya uğrayıb.

Rəsmi məlumata görə, hadisə zamanı təyyarədə 5 nəfər ekipaj üzvü də daxil olmaqla, 67 sərnişin olub. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb.


AZAL-dan bildirilib ki, ilkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
 

Bu, Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilk hadisə deyil. Daha əvvəllər də təyyarə qəzaları olub.

Adətən təyyarə qəzalarının səbəbi texniki nasazlıq, pilot səhvi, yaxud terror aktı hesab olunur. Azərbaycanın aviasiya tarixi də belə qəzalardan və səhvlərdən yan keçməyib. 

Modern.az saytı keçmiş SSRİ zamanınmda və müstəqillik dövründə Azərbaycanın hava nəqliyyatında baş verən təyyarə qəzalarının xronologiyasını təqdim edir.    
 

1965-ci il, 25 yanvar
 

SSRİ Hərbi Hava Qüvvələrinə məxsus An-8 hərbi-nəqliyyat təyyarəsi Goran aerodromundan havaya qalxaraq Gəncə aerodromuna eniş edərkən qəzaya uğrayıb. An-8 Gəncə Yağ-piy kombinatının anbarlarına çırpılaraq yanıb. Nəticədə 6 heyət üzvünü hamısı həlak olub.   
 

1966-cı il, 23 aprel
 

Həmin gün Binə hava limanından (indiki Heydər Əliyev adına Beynəlxalq Hava Limanı) havaya qalxan İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya uçarkən  qəzaya uğrayıb. Təyyarə ilə əlaqə uçuşdan 12 dəqiqə sonra Xəzər dənizi üzərində kəsilib. Aparılan axtarış-xilasetmə işləri heç bir nəticə verməyib. Göyərtəsində 5 heyət üzvü və 28 sərnişin olan İl-14P təyyarəsi tapılmayıb. Onun 23 aprel günü Xəzər dənizində müşahidə olunan çətin hava şəraitində qəzaya uğraması ehtimal olunur.
 

1973-cü il, 18 avqust
 

Bakı-Aktau-Bakı reysi ilə uçan AN-24B tipli sərnişin təyyarəsi Binə hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 4 heyət üzvü olub. Qəzadan sağ qurtulan olmayıb.
 

1974-cü il, 11 may
 

Qax-Zaqatala bölgəsində aviasiya-kimya işləri həyata keçirən An-2 təyyarəsinin komandiri Vitali Qavrilov içki düşkünlüyünə görə özünün və təyyarədəki daha 7 nəfərin ölümünə səbəb olub. O, 1974-cü il mayın 11-də axşamçağı Qax aeroportunun uçuş zolağında işçilərlə və aeroporta icazəsiz daxil olan yerli sakinlərlə birlikdə içki məclisi təşkil edib. Bundan sonra isə gəzmək məqsədilə An-2 təyyarəsinə minərək Zaqatala rayonuna uçublar. Qax aeroportuna qayıdan zaman gecə olmasına görə və içkinin təsiri ilə Qavrilov təyyarəni yerə çırpıb. Nəticədə pilot da daxil olmaq 8 nəfər yerindəcə həlak olub.    

1988-ci il, 12 dеkаbr

Ermənistanın Spitak şəhərində baş vermiş zəlzələdə zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş İl-76 təyyаrəsi Еrmənistаnın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа rаkеtlə vurulub. Nəticədə təyyаrədə оlаn 77 аzərbаycаnlıdаn cəmi 1 nəfər - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb. 68 nəfər sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olub.
Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin “qara qutusu” məhv edilir. Bu terror aktı cəmiyyətə qəza kimi sırınıb.
Hadisə nəticəsində sağ qalmış yeganə azərbaycanlı Babayev Fəxrəddin 2010-cu ildə vəfat edib. Azərbaycan Prezienti Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncamla ermənilərə yardıma gedən təyyarədə həlak olmuş 77 nəfərə şəhid statusu verilib.
 

1989-cu il, 18 oktyabr
 

SSRİ Hərbi Desant Qüvvələrinin 218-ci alayının 8-ci bölüyünü Bakıdan Ukraynaya aparan İL-76 hərbi-nəqliyyat təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra qəzaya uğrayıb. 1600 metr yüksəklikdə təyyarənin sağ mühərriki alışaraq qopub. Nəticədə baş verən yanğın və idarəetmənin itirilməsi İL-76 təyyarəsinin yerə çırpılmasına səbəb olub. Qəza nəticəsində 57 nəfər - 9 heyət üzvü və 48 desantçı həlak olub.


1995-ci il, 5 dekabr
 

Azərbaycanın müstəqillik tarixində baş verən ən böyük aviasiya qəzası 1995-ci il dekabrın 5-də qeydə alınıb. Həmin gün Naxçıvan-Bakı reysi ilə hərəkət edən Tu-134 sərnişin təyyarəsi Naxçıvan aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yanıb. Qəzada 4 heyət üzvü və 48 sərnişin həlak olub.
Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın TU-134-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəliblər.
 

2005-ci il, 23 dekabr
 

Azərbaycan Hava Yollarına (AZAL) məxsus An 140-100 təyyarəsi Heydər Əliyev adına hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Sonradan müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib. Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən An 140-100 təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olub.
 

2011-ci il, 5 iyul
 

Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus İL-76 təyyarəsi Əfqanıstanın Pərvan vilayətində qəzaya uğrayıb. Bakıdan Bəhram aerodromuna 18 ton yük aparan təyyarə ilə əlaqə iyulun 5-i axşam radələrində kəsilib. Sonradan İl-76-nın Əfqanıstanda NATO qüvvələrinə qarşı silahlı mübarizə aparan “Taliban” qruplaşması tərəfindən raketlə vurulduğu müəyyən olunub. Nəticədə yük təyyarəsinin göyərtəsindəki 5 Azərbaycan və 4 Özbəkistan vətəndaşı həlak olub.


A.Qorxmaz

Seçilən
0
28
modern.az

10Mənbələr