“Hadisədən xəbər tutandan özümə gələ bilmirəm. Çox üzgünəm. Dünyasını dəyişənlər, yaralananlar hər biri bizim əzizimizdir. Onların içərisində həmkarlarım İqor Kşnyakinlə Aleksandr Kalyaninov da var. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin”.
Bu fikirləri Bizim.Media-ya mərhum pilot Kşnyakinin dostu və həmkarı Bayram Muxtarov deyib.
O bildirib ki, İqor Kşnyakinla tələbə yoldaşı olub:
"Dünyasını dəyişən pilot İqor Kşnyakin mənimlə birlikdə məzun olub. Biz Ryazanda təyyarəçilik məktəbini bitirmişik. Uzun illərin peşəkar pilotu idi. Savadlı, təcrübəli və yüksək səviyyəli mütəxəssis idi. Onun yanındakı köməkçi pilot Aleksandr Kalyaninovun atası ilə də birgə çalışmışam. Bizim yetirməmiz olub. Bizim təyyarəçilərin vatsap qrupumuz var. Tez-tez yığışıb, müzakirələr edirdik. Allah onların hər ikisinə rəhmət etsin".
Bayram Muxtarov təyyarə qəzasi ilə bağlı heç bir fikir bildirə bilmədiyini deyib:
"Bu, mütəxəssislər, komissiyalar və dövlət səviyyəsində araşdırılır. Qəza adi avtomobil qəzası deyil ki, sağına-soluna baxıb nəsə fikir bildirəsən. Bir neçə detallar var ki, onlar araşdırılmalıdır və araşdırılır da. Bu, həssas mövzudur və dəqiqliyi sevir. Ümüdverici hal odur ki, burada insan faktoru yoxdur”.
Pilot deyib ki, hər pilot və sərnişin təhlükəli vəziyyətlərlə qarşılaşa bilər:
“Əsas odur, soyuqqanlı olmaq lazımdır. Bizim də başımıza çoxlu hadisələr gəlib, şükürlər olsun ki, sağ-salamatıq. Biz nə öyrənmişiksə çalışırıq ki, sonuncu məqamda da onu icra edək. Mənim də oğlum təyyarəçidir. O da Qroznı marşrutu üzrə uçur. Nəzərə almaq lazımdır ki, təyyarə dünyada ən etibarlı və təhlükəsiz nəqliyyat növüdür. Gündə nə qədər qəzalar baş verir, hər kəs də öz avtomobilinə oturub hərəkət edir. İnsanlarda panika yaratmaq lazım deyil. İndiki yeni nəsil təyyarələr isə çox mükəmməl və peşəkar hazırlanır”.
Rəna Cumaqızı, Bizim.Media