Bu gün "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi sarsıdıb və dərindən kədərləndirib. 1news.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "X" sosial media hesabında qeyd edib. "Sağ qalanların sağalması üçün dua edirik. İsrail xalqı adından yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı veririk. İsrail səfirliyi müvafiq orqanlarla əlaqə saxlayır və biz lazım olan hər cür yardımı göstərməyə hazırıq. Həlak olanların ruhu şad olsun", - deyə o bildirib. Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub. “İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir. AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.