"Rusiya-Ukrayna savaşı uzunmüddətli müharibə kimi tarixə düşə bilər..." — AÇIQLAMA
“Ukraynadakı müharibə artıq çıxılmaz həddə çatıb. Müharibənin taleyi ilə bağlı nə Rusiya, nə də Ukrayna hansı qərarı qəbul edəcəklərini bilirlər. Ümid var ki, Donald Tramp ABŞ prezidenti kimi səlahiyyətlərinin icrasına başlayandan sonra müharibə dayana bilər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun fikrincə, müharibənin dayanması elə də asan məsələ deyil:
“Tramp müharibəni hansısa formada dayandırmağa çalışa bilər, amma bu, tərəflərdən birinin güzəştə getməsi ilə nəticələnək bir müharibə kimi dəyərləndirilir. Bu, İran-İraq müharibəsi kimi olmayacaq, yəni tərəflər özləri öz mövqelərinə çəkilməyəcək. İran-İraq müharibəsinin gedişində artıq hər iki tərəf qalib gələ bilməyəcəyini gördü və böyük ərazi, maliyyə itirdi. Ərazi qazanmadan hər iki tərəf özünü qalib hesab etdi, amma heç bir nəticə əldə olunmadı. Düşünürəm ki, indiki halda Rusiya-Ukrayna müharibəsində də vəziyyət təxminən belədir”.
Ekspert deyib ki, Avropa dövlətləri öz təhlükəsizlikləri nöqteyi-nəzərindən Ukraynanı silahlandırmağa davam edə bilər:
“Baxmayaraq ki, ABŞ bunu istəmir, Tramp daha çox müharibənin bitməsinin tərəfdarıdır. Düşüncələr bundan ibarətdir ki, burada böyük risklər var. Bu risklərin aradan qalxması üçün tərəflər güzəştə getməlidir.
Müharibəni hər iki tərəf dayandırsa, cəmiyyətlər bunu birmənalı qarşılamaz, aqressiya göstərər. Buna görə də Rusiya-Ukrayna müharibəsi uzunmüddətli müharibə kimi tarixə düşə bilər. Hesab edirəm ki, Avropa ölkələri Ukraynanı silahlandırmağa davam etdiyi təqdirdə o, güzəştə getməyəcək və müharibə davam edəcək”.
Törə Zeynallı
Demokrat.az