AZ

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 301 min ədəd artaraq 19 milyon 463 min ədəd təşkil edib.

Valyuta.az xəbər verir ki, Bu barədə Mərkəzi Bankdan bildirilib.

Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,5% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19,7%, kredit kartları üzrə 3,2% təşkil edib.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb.

2024-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6939 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5978 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 957 milyon manatı POS-terminallar, 3,2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64%-ni təşkil edib.

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 5%, POS-terminalların sayı 36,7% artıb.

Seçilən
4
14
valyuta.az

10Mənbələr