Banklar və “Azərpoçt” MMC sistemləri üzrə noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 301 min ədəd artaraq 19 milyon 463 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.5% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 19.7%, kredit kartları üzrə 3.2% təşkil etmişdir.
Marja.az xəbər verir ki, bu, 2024-cü ilin noyabr ayı üzrə Mərkəzi Bankın saytında yerləşdirilmiş Statistik Bülletendə bildirilir.
Qeyd edilib ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.4 dəfə artmışdır. 2024-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 milyard 939 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 978 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 957 milyon manatı POS-terminallar, 3.2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 5%, POS-terminalların sayı 36.7% artmışdır.