Təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlamasında kolleclər və peşə məktəbi tələbələrinə vahid tələbə kartının verilməsini müsbət dəyərləndirib.
O qeyd edib ki, bu gün kolleclərdə, orta ixtisas təhsil müəssisələrində oxuyan tələbələrin universitetlərdəki həmyaşıdları ilə müqayisədə tələbə kartlarına ehtiyacları daha çoxdur:
“Çünki birincilərlə müqayisədə onların təqaüdləri 50% aşağıdır. Bəzən universitet tələbəsinə ailə tərəfindən olunan maddi dəstək kollec tələbəsinə qarşı göstərilmir. Təbii ki, bu, nisbi məsələdir və hər ailəyə də şamil edilməz.
Üçüncü məsələ isə onların stajçı kimi iş imkanlarının az olmasıdır. İstehsalat müəssisələri daha çox universitet tələbələrini, hətta bir az da irəli gedərək yalnız magistratura səviyyəsi üzrə təhsil alanları stajçı kimi qəbul edir. Stajçı tələbələr hər zaman olmasa da, müəyyən dairələrdə simvolik də olsa, az miqdarda maaş ala bilirlər. Kollec tələbələri isə təəssüf ki, çox zaman bu imkandan da məhrum olurlar. Odur ki, kollec və peşə məktəblərinin tələbələrinə də Vahid Tələbə Kartının şamil edilməsi çox humanist və empatik bir addım oldu."
Törə Zeynallı
Demokrat.az