AZ

Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

Image

Kamran Əsədov: “Sistemdə olan bütün müəllimlərə şamil ediləcək”

Azərbaycanda müəllimlər üçün gələn ildən etibarən bir çox güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub. Mətbuatda gedən məlumata görə,  bəzi müəllimlərə xüsusi güzəştli təhsil kartları təqdim olunacaq. Təhsildə fərqlənən müəllimlər əldə etdiyi xüsusi kartlar vasitəsilə bir çox güzəştlər əldə edəcəklər.

Hazırda dünyanın bir çox ölkəsində müəllimlər üçün xüsusi güzəştli təhsil kartları mövcuddur. Bu kartlar müəllimlərin peşəkar və şəxsi həyatlarını asanlaşdırmaq məqsədilə müxtəlif sahələrdə endirim və imtiyazlar təqdim edir. Bu kart vasitəsilə müəllimlər nəqliyyat, yaşayış, muzey, teatr və digər mədəniyyət obyektlərində endirimlərdən yararlana bilərlər.

Azərbaycanda da müəllimlərin nəqliyyat, səhiyyə, mədəniyyət obyektlərinə giriş və alış-veriş sahələrində endirimlərdən istifadə edə bilmələri üçün işlər aparılır. Bu istiqamətdə ölkənin aparıcı banklardan biri ilə görüş də keçirilib. Görüş zamanı hansı müəllimlərin müəyyənləşəcək güzəştlərdən istifadə edəcəyi müzakirə olunub.

Təhsilin İnkişafı Fondundan bu barədə mətbuata bildirilib ki, yaxın gələcəkdə müəllimlər üçün təhsil kartlarının yaradılması istiqamətində müvafiq addımlar atılacaq. “İlk olaraq bir neçə ay ərzində geniş araşdırma aparılacaqdır”. 

Hansı müəllimlər güzəştli kartlar ala biləcək?

Söhbət hansı müəllimlərdən gedir, burada kriteriyalar nə olacaq? Əsas göstərici nə olmalıdır? Bu güzəşt kartı niyə müəllimlərin hamısına şamil edilməyəcək?

“Statistikaya əsasən, inkişaf etmiş ölkələrdə müəllimlərin 70%-dən çoxu güzəştli kartlardan istifadə edir”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində “Müəllimlər üçün xüsusi güzəştlər təqdim edən kartların tətbiqi onların sosial rifahını artırmaq, peşəkar fəaliyyətlərini dəstəkləmək və cəmiyyətdəki nüfuzunu daha da yüksəltmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür kartlar müxtəlif sahələrdə müəllimlərə imtiyazlar təqdim edərək onların maddi və sosial yükünü azaltmaqla yanaşı, daha səmərəli işləmələri üçün stimul yarada bilər”-deyə bildirdi.

K.Əsədovun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, müəllimlər üçün güzəştli kartlar bir çox ölkədə uğurla tətbiq olunur. “Məsələn, ABŞ-da Teacher Appreciation Program çərçivəsində müəllimlər təhsil materiallarından tutmuş mədəniyyət və əyləncə tədbirlərinə qədər bir çox sahədə güzəştlərdən yararlanırlar. İngiltərədə tətbiq edilən Teacher Discount Card müəllimlərə nəqliyyat, alış-veriş, səyahət və digər xidmətlər üzrə yüzlərlə endirim təqdim edir. Bu yanaşma müəllimlərin gündəlik xərclərini azaltmaqla yanaşı, onların rifahını artırır və peşəyə olan marağı gücləndirir.

Azərbaycanda belə bir təşəbbüsün tətbiqi, xüsusən də təhsil sektorunda çalışanların həyat keyfiyyətini yaxşılaşdırmaq baxımından böyük fayda gətirə bilər. Müəllimlər üçün kartlar aşağıdakı sahələrdə güzəştlər təqdim edə bilər:

İctimai nəqliyyat güzəştləri müəllimlər üçün ən vacib imtiyazlardan biridir. Belə ki, bir çox müəllim iş yerlərinə gündəlik ictimai nəqliyyatla gedib-gəlir və bu sahədə güzəştlər onların xərclərini ciddi şəkildə azalda bilər. Türkiyədə müəllimlər üçün təqdim olunan xüsusi nəqliyyat endirimləri (təxminən 40-50%) Azərbaycanda da tətbiq edilə bilər.

Mədəniyyət və əyləncə sahəsində müəllimlərə təqdim edilən güzəştlər onların asudə vaxtlarını daha səmərəli keçirməsinə şərait yaradar. Bu, teatrlar, muzeylər, sərgilər və digər mədəni obyektlərə girişdə endirimlər şəklində ola bilər. Məsələn, Almaniyada müəllimlər muzey və sərgilərə girişdə xüsusi endirimlərdən yararlanır, bu da onların intellektual inkişafına töhfə verir. Azərbaycanda belə imtiyazlar həm müəllimlərin maariflənməsinə, həm də onların mədəni həyatda aktiv iştirakına şərait yaradacaq.

Alış-veriş və tədris materialları üzrə güzəştlər müəllimlərin peşəkar fəaliyyətlərini dəstəkləmək üçün vacibdir. Xüsusilə dərsliklər, elektron avadanlıqlar və tədris resurslarının alınmasında güzəştlərin təmin olunması onların işini daha rahat və keyfiyyətli edə bilər. ABŞ-da müəllimlər müəyyən mağazalardan tədris materiallarını 20-30%-ə qədər endirimlə əldə edə bilir. Azərbaycanda bu cür təşəbbüslər müəllimlərin tədris prosesində daha yaxşı nəticələr əldə etməsinə kömək edər.

Səyahət və turizm sahəsində müəllimlərə təqdim ediləcək endirimlər onların sosial həyatını zənginləşdirə bilər. Məsələn, İtaliyada müəllimlər dövlət dəstəyi ilə müəyyən turizm marşrutlarından və otellərdən güzəştli qiymətlərlə istifadə edir. Azərbaycanda müəllimlər üçün bu cür imkanların yaradılması onların iş stressindən uzaqlaşmasına və sosial rifahlarının artmasına səbəb olar.

Statistikaya əsasən, inkişaf etmiş ölkələrdə müəllimlərin 70%-dən çoxu güzəştli kartlardan istifadə edir. Bu cür imtiyazlar onların sosial mövqeyini gücləndirir və işə olan bağlılığını artırır. Azərbaycanda müəllimlər üçün güzəştlərin tətbiqi həm də peşəyə marağı artırmaq üçün effektiv vasitə ola bilər”.

K.Əsədovun fikrincə, nəticə olaraq, müəllimlər üçün güzəştli kartların tətbiqi onların maddi vəziyyətini yaxşılaşdırmaqla yanaşı, cəmiyyətdəki nüfuzlarını da artıracaq. “Belə bir təşəbbüs yalnız müəllimlər üçün deyil, ümumilikdə təhsil sisteminin inkişafı və cəmiyyətin rifahı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kartlar vasitəsilə müəllimlər özlərini daha dəyərli hiss edəcək və peşəkar fəaliyyətlərinə daha böyük motivasiya ilə yanaşacaqlar”-deyə ekspert qeyd etdi.

Bu güzəşt kartının hansı müəllimlərə şamil ediləcəyinə gəlincə, K.Əsədov “sistemdə olan bütün müəllimlərə şamil ediləcək”-deyə bildirdi. 

İradə SARIYEVA





Seçilən
20
baki-xeber.com

1Mənbələr