Bakı-Qroznı reysi üzrə uçan təyyarənin qəzaya uğraması nəticəsində zərərçəkən ailələrə dəstək məqsədilə psixoloqlardan ibarət qrup yaradılıb.
Qrup üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir, heyətin bir neçə üzvü isə Aktauya ezam edilib.
Bununla yanaşı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən əlaqələndirilmiş qaydada təşkil edilən təcili tibbi yardım briqadası hava limanında hazır vəziyyətə gətirilib. Bu istiqamətdə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin könüllülərindən ibarət dəstək qrupu da formalaşdırılıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Dövlət Komissiyası Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti və onları Azərbaycana gətirirlməsinin mümkünlüyünü öyrənir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Mənbə: oxu.az