AZ

“Hatayspor” həm baş məşqçisiz, həm də prezidentsiz qaldı

Türkiyə Super Liqasında mübarizə aparan “Hatayspor” klubunda əsas komandanın baş məşqçisi Rıza Çalımbay istefaya göndərilib.

Arena.az bu barədə Hatay klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

61 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Ona xidmətlərinə görə təşəkkür edən klub, gələcək karyerasında uğurlar arzulayıb.

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, Hatay təmsilçisi Türkiyə Super Liqasında bu mövsüm keçirdiyi 16 oyunda cəmi 1 qələbə qazanıb, 6 heç-heçə edib, 9 oyundan məğlubiyyətlə ayrılıb. Komanda topladığı 9 xalla 19 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Rıza Çalımbay bu ilin sentyabr ayında “Hatayspor”un baş məşqçisi təyin edilmişdi. O, bu komandanı cəmi 15 oyuna çıxarıb, 3 qələbə, 5 heç-heçə və 7 məğlubiyyət görüb. Top fərqində isə bərabərlik qeydə alınıb – 19:19.

Xatırladaq ki, Rıza Çalımbay məşqçilik karyerası ərzində “Beşiktaş”, “Göztəpə”, “Dənizlispor”, “Ankaragücü”, “Rizəspor”, “Ankaraspor”, “Əskişəhərspor”, “Mersin İdmanyurdu”, “Kasımpaşa”, “Antalyaspor”, “Trabzonspor”, “Konyaspor” və “Sivasspor” kimi komandalara da rəhbərlik edib. Çalımbay 2021/2022 mövsümündə “Sivasspor”la Türkiyə Kubokunun qalibi olub.

Yeri gəlmişkən, “Hatayspor”da klubun prezidenti Levent Mıstıkoğlu da istefa verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, komandanın maraqlarını ön planda tutduğu üçün vəzifəsindən ayrıldığını bildirib. Klub prezidentinin də istefası məhz komandanın cari mövsümdəki uğursuz çıxışı ilə bağlıdır.

Xatırladaq ki, Levent Mıstıkoğlu 2024-cü ilin iyun ayında Hatay klubunun prezidenti seçilmişdi. Amma onun da fəaliyyət müddəti cəmi bir neçə ay çəkib.

“Hatayspor”da yeni baş məşqçinin yeni seçiləcək rəhbərliyin qərarına əsasən təyin olunması gözlənilir.

Seçilən
11
arena.az

1Mənbələr