Türkiyənin "Hatayspor" klubunun prezidenti Levent Mıstıkoğlu istefa verib.
QOL.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətuat xidməti məlumat yayıb.
Mıstıkoğlu verdiyi yazılı açıqlamada istefa qərarını klubun maraqlarını ön planda tutaraq verdiyini bildirib.
Bu qərarı uzun və diqqətli bir qiymətləndirmə nəticəsində verdiyini ifadə edən Mıstıkoğlu qeyd edib: "Vəzifədə olduğum müddətdə "Atakaş Hatayspor"un layiq olduğu yerə çatması üçün idarə heyətimiz, texniki komandamız və oyunçularımızla böyük bir fədakarlıqla çalışdıq. Bununla belə, klubumuzun gələcəyi üçün fərqli bir idarəçiliyə ehtiyac olduğuna inanıram. "Hatayspor"un böyük azarkeşlərinə, klub işçilərinə, futbolçulara və dəyərli texniki heyətimizə təşəkkürümü bildirirəm".
Xatırladaq ki, uğursuz çıxışlara görə bir neçə gün əvvəl baş məşqçi Rıza Çalımbay da istefa vermişdi.