1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ali Məhkəmədə səhlənkarlıqda təqsirləndirilən Fatimə Abdullazadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilib və iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
İttihama görə, hadisə 2022-ci il iyulun 22-də, saat 4 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Vüsalə Teymur qızı Quliyeva yüksək hərarətlə sözügedən xəstəxanaya çatdırılıb. Tibbi müdaxiləyə baxmayaraq, Vüsalə Quliyeva orada vəfat edib. Həmin müddətdə Fatimə Abdullazadə xəstəxananın təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım bölməsində məsul növbətçi həkim xidmətində olub. Hadisədən sonra o, cinayət məsuliyyətinə cəlb edilib.
Göyçay Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi isə apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi şikayət və protesti qismən təmin edib, hökmü cəzaya aid hissədə dəyişdirib. Belə ki, təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il həbs cəzasına məhkum olunub. Hökmdə qeyd edilib ki, Fatimə Abdullazadə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.