AZ

Bakı Avrasiya Universitetindən həlak olan tələbə haqda açıqlama: Sevilən biri idi

Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanlardan biri Sumqayıt sakini, 20 yaşlı Mahmud Tutunçiyevdir. O Bakı Avrasiya Universitetinin 3-cü kurs tələbəsi olub.


Bakı Avrasiya Universiteti rektorunun müşaviri Şəfayət Avılbəyli Modern.az-a bildirib ki, Mahmud Tutunçiyev əslən Balakən rayonundan idi:


“Mahmud Balakəndən olsa da, Sumqayıt şəhərində yaşayırdı. Azərbaycanda yaşayan etnik azlıqların nümayəndəsi idi. Tələbə bu gün Balakəndə dəfn olunacaq. Universitet yoldaşlarından da dəfnə gedənlər var. Çox yaxşı, vətənpərvər tələbə idi. Tələbələr və müəllimlər arasında sevilən, diqqət göstərilən biri idi. Mən özüm onun ölümü haqda xəbəri oxuyanda gözlərimə inanmadım”.


Mahmud Tutunçiyev Yeni ili qarşılamaq üçün Qroznıya - qohumlarının yanına uçurmuş:


“Bu hadisədən sonra universitetdə Yeni il bayramı ilə bağlı tədbirlərimizi ləğv etdik. Eyni zamanda universitetimizin birinci mərtəbəsində Mahmudun fotoşəkili yerləşdirlib. Tələbə yoldaşları həmin guşəyə gül dəstələri qoyaraq Mahmuda öz ehtiramlarını bildirirlər”.

Seçilən
25
modern.az

1Mənbələr