“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa mətbuatına geniş müsahibəsində baş məşqçiləri Qurban Qurbanov haqda danışıb.
Arena.az xəbər verir ki, “Przeglad Sportowy One” nəşrinə danışan 24 yaşlı qolkiper bunları deyib:
“Mən heç vaxt belə xarakterli məşqçiyə rast gəlməmişəm. O, ciddi bir şey olmadığı halda oyunçularla çox danışmır. Mən onunla işləməkdən zövq alıram. Qurban Qurbanovun yanaşması çox təsiredicidir.
O, hər matçda öz səviyyəmizə uyğun oynamağımızı istəyir. Bunu ötən mövsüm “Qarabağ”ın Avropa Liqasının 1/8 finalına yüksəlməsi və yalnız Almaniya çempionu “Bayer”ə gərgin mübarizədə (2:2, 2:3) uduzması da təsdiqlədi. İndi azarkeşlərdən mesajlar alıram. Onlar narahat olmamağımı və “Qarabağ”ın Avropada həmişə belə oynadığını düşünməməyimi xahiş edirlər. Deyirlər, bu, sadəcə bir zəif mövsümdür. Mən bunu çox gözəl başa düşürəm. Çünki futbolçularımızın hansı səviyyədə olduğunu görürəm.
Ümumiləşdirsək, deyə bilərəm ki, baş məşqçi Qurbanov müstəsna insandır. O, başqa klublarda uğurla işləyə bilərdi, amma burada onun rolu əsasdır”.
Polşalı qapıçı Avropa Liqasında komandası uğursuz çıxış edərkən Qurbanovun buna münasibətindən də danışıb:
“Oyunların fasilələri zamanı qıcıqlanırdı. Amma məğlubiyyətlərdən sonra onun qışqırmamasına təəccübləndim”.
Xatırladaq ki, Mateuş Koxalski 2024-cü ilin avqustunda “Qarabağ”a transfer olunub. Azərbaycan çempionu polşalı qolkiperi “Stal” (Mielets) klubundan 900 min avroya transfer edib. Koxalski Ağdam klubunun heyətində 14 oyuna çıxıb, 17 qol buraxıb, 5 matçda qapısını toxunulmaz saxlayıb.
Polşalı qapıçı daha öncə “Legionoviya Legionovo”, “Radomyak” (Radom) və “Legiya” (Varşava) kimi klublarda da forma geyinib.
Koxalski 2024-cü ilin iyununda Polşanın əsas millisinin AÇ-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, buna qədər U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.