AZ

Çin Yaxın Şərq proseslərində Rusiya və İrana dəstək verərək iştirak etməyə çalışır - Mübariz Göyüşlü

“Yaxın Şərqdə baş verənlər fonunda dünya nəhənglərindən hesab edilən Çinin səssiz qalması diqqət çəkib. ABŞ-a rəqib ola biləcək əsas qüvvə kimi dəyərləndirilən Pekinin hadisələrə ciddi münasibət bildirməməsi və mövqe ortaya qoymaması müzakirələrə səbəb olub. Bəzi iddialara görə, Şərq blokunun lider aktoru statusunu almış Çin ABŞ-la gizli şəkildə razılaşıb. Həmçinin Pekinin baş verənləri diqqətlə izlədiyi və hərəkətə keçmək üçün doğru məqamı gözlədiyi bildirilir”.

“Hesab edirəm ki, bu ənənəvi Çin siyasəti ilə bağlıdır. Çin qətiyyən dünya liderliyinə iddiasından nəinki geri götürülüb, hətta bu iddiasını gerçəkləşdirməkdən ötrü bütün potensialını ortaya qoyaraq çalışmalar həyata keçirir. Ona görə də Yaxın Şərqdəki hadisələr fonunda da onun tam şəkildə susqun qaldığını da söyləyə bilmərik. Çin Rusiya, Amerika qədər hələ Yaxın Şərqdə öz mövqelərini tam olaraq möhkəmlədə bilməyib”.

Bunu AzNews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Siyasi şərhçi qeyd edib ki, Çin Yaxın Şərq proseslərinə daha çox həm də bəzi məqamlarda Rusiya və İrana dəstək verərək iştirak etməyə çalışır.

“Biz Fələstin hadisələri, İsrail- HƏMAS müharibəsində Çinin İsrailin bəzi məqamlarda addımlarını qınadığının da şahidi olduq. Yəni Çin bu mənada Amerika, NATO, Qərb blokunun əleyhinə olan davranışlar sərgiləyir. Həmin Qərb blokuna qarşı çıxan qüvvələrin yanında yer alır. Bunlar Rusiya, İran və digərləridir. Sadəcə olaraq Bəşər Əsədin devrilməsi artıq elə bir proses oldu ki, buna nəinki Çin, Rusiya, İran heç kimsə o şəkildə müqaviməti təşkil edə bilmədi və yaxud da ki, etmək istəmədilər. Çin bu proseslərdə bu şəkildə iştirak edir. Ancaq o ehtimal da ola bilər ki, ABŞ-la gizli şəkildə razılaşıb. Bu ehtimalı çox zəif qiymətləndirirəm. Çünki Amerika ilə Çinin arasında çox ciddi şəkildə rəqabət var. Bu rəqabət artan templə gedir. Hətta NATO özünün sonuncu toplantısında Çini də potensial təhlükə kimi qiymətləndirdi. Bu mənada düşünürəm ki, Çin müdaxilə məsələlərində Rusiya və İran üzərindən bu proseslərdə iştirak etməyə çalışır və baş verənləri də ehtimal ki, böyük narahatçılıqla izləyir. Çünki bu, Qərb blokunun üstünlüyü demək idi. Bəşər Əsədin bu şəkildə devrilməsi və yeni hakimiyyətə gələn qüvvələrdə daha çox Qərbin təsiri altında olan bir qrup kimi görünür. Bu mənada Çinin bu hadisələri narahatçılıqla izləməsinin və gələcəkdə yeni hakimiyyətlə də müəyyən əlaqələr quraraq onların Qərb təsirindən çıxarılmasına çalışacağını gözləyirəm”.

Seçilən
11
aznews.az

1Mənbələr