AZ

Təyyarə qəzasında xəsarət alanlar üçün 1,5 mindən çox insan qan verib

Aktau yaxınlığında baş verən təyyarə qəzasında xəsarət alanlar üçün Qazaxıstanda 1,5 mindən çox insan qan verib.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Akmaral Alnazarova Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi altında keçirilən müşavirədə bildirib.

"800 litr qan verilib. Aktauda 490, Astanada 600-dən çox, Şımkentdə 125, Aktobedə 109, Jetısuda 49, Karaqandada 40, Şərqi Qazaxıstan vilayətində 34 nəfər donor məntəqələrinə gəlib", - o qeyd edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfəri Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

  • Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Seçilən
10
49
azpolitika.info

10Mənbələr