“Kanal-11” internet televiziyasının rəhbəri Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Editor.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış ediblər.
Daha sonra təqsirləndirilən şəxslər son söz deyərək onlara bəraət verilməsini xahiş ediblər.
Məhkəmə müşavirəsi əsasında hökm oxunub. Hökmə əsasən, Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyularaq 8 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla birgə ittiham olunan İstək Totiyevaya isə 2 il müddətində sınaq müddəti seçilməklə şərti cəza verilib.
Xatırladaq ki, dövlət ittihamçısı Teymur Kərimovun 9 il, İstək Totiyevanın 3 il müddətində azadlıqdan məhrum edilmələrini istəmişdi.
Qeyd edək ki, Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.