AZ

Milli birliyimizin və həmrəyliyimizin dönüş günü

Hər bir xalqın taleyində və tarixində onun birlik, həmrəylik əzmi böyük qələbələrinin, inkişaf və uğurlarının əsas rəhni hesab olunur. Tarixin ən keşməkeşli vaxtlarında birliyini, həmrəylik ənənələrini daima qoruyub saxlayan Azərbaycan xalqı bu gün haqlı olaraq bu dəyərləri ilə fəxr edir.

Dünyanın hər bir yerində yaşayan soydaşlarımızın mütəşəkkil qüvvə kimi formalaşmaq, öz tarixi Vətənləri ilə əlaqələrini sıxlaşdırmaq istəyinin reallığa çevrilməsi məhz, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 33 il əvvəl başladılmış həmrəylik hərakatı ilə bağlıdır. Ulu Öndər tərəfindən 31 dekabrın - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biridir. Əlbəttə ki,bu birliyin, həmrəyliyin istinad nöqtəsini və ana xəttini azərbaycançılıq ideyası təşkil edir. Ümummilli Lider Heydər Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının Azərbaycanı özünün doğma Vətəni hesab etməsinə çalışırdı, bu haqda Ulu Öndər bildirirdi ki: ”Əziz Azərbaycanlılar! Harda olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən!”.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə Ulu Öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli Sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Həmin Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyevdünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin təmin edilməsi, onların Azərbaycan dövləti ilə əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, həmçinin, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi haqqında fikirlərini açıqlamışdı. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”, - deyən Ulu Öndərin bu kəlamları bu gün hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib.

Beləliklə, 31 dekabr tarixinin həmrəylik gününə çevrilməsi dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlıları milli azərbaycançılıq məfkurəsi ilə bağlı prosesə fəal şəkildə cəlb etdi. Heydər Əliyevin çağırışı pafos notlarından uzaq idi. Bu çağırış həm özündə Azərbaycanın etnik-mədəni rəngarəngliyini, həm dövlətin gələcək taleyini, həm də coğrafi gerçəkliklərini əks etdirirdi. Bu çağırış müdrik dövlət adamının ölkənin gələcək taleyi ilə bağlı uzaqgörən strategiyasına əsaslanırdı, bu strategiyanın dönməzliyini təmin edirdi. Təsadüfi deyildir ki, verilən tarixi qərar qısa bir müddətdən sonra hər cür emosionallıqdan uzaq, mükəmməl azərbaycançılıq ideologiyasına, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevrildi.

Ulu Öndərin başladığı ənənəni davam etdirən Prezident İlham Əliyev bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir, diasporumuzun nümayəndələri ilə fikir mübadiləsi aparır. Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspor ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə bəyan edib.

Bəli, bu gün Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində xaricdə yaşayan azərbaycanlılar daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II,2011-ci il iyulun 5-6-da III və2016-cı il iyunun 3-4-də isə IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir.
Təkcə onu qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük lokal antiterror tədbirləri birliyimizin, həmrəyliyimizin nümayişi oldu. Vətən müharibəsinin gedişində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu. Dövlətimizin başçısı İlham Əliyevin vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi yüksək Sərkərdəlik əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.

Seçilən
14
1
aznews.az

10Mənbələr