“Əl-Nəsr”in portuqal ulduzu hücumçusu və kapitanı Kristiano Ronaldo 2024-cü il “Globe Soccer Awards” təqdimatında qələbələrini şərh edib.
Arena.az məlumat verir ki, portuqal ulduz bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərindən yazıb:
“Bu, ili başa vurmaq üçün əla üsuldur. Komanda yoldaşlarıma, əməkdaşlarıma və bu yolda mənə dəstək olan hər kəsə, xüsusən də ailəmə təşəkkür edirəm. Hələ görüləsi çox iş var!”, – “Kriş” dərc edib.
Xatırladaq ki, 2024-cü il “Globe Soccer Awards” mərasimində Ronaldo cari il üçün Orta Şərqin ən yaxşı oyunçusu adını qazanıb, həmçinin bütün zamanların ən sərrast qolçusu xüsusi mükafatı ilə təltif edilib.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 19 oyuna 16 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 83 oyun, 74 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Kristiano Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.