Almaniya nəhəngi “Bayern”in prezidenti Herbert Hayner Münhen klubunun transfer büdcəsinin imkanları haqda söhbət açıb.
Arena.az “Bild” nəşrinə istinadən, Haynerin bu barədə fikirlərini təqdim edir:
“Yanvarda heyətimizi necə gücləndirə biləcəyimizi düşünürük. Qış tətilinin başlamasına hələ bir neçə həftəmiz var. Tezliklə müəyyən qərarlar veriləcək.
Büdcəmiz? Yaxşı iqtisadi vəziyyətimiz var. Biz transfer bazarında baş verənlərə tez reaksiya verə bilərik”, deyə Herbert Hayner əminliklə bildirib.
Xatırladaq ki, dekabrın 2-də Almaniya Bundesliqasının 13-cü turunun “Bayern” – “Union Berlin” oyunu Münhenə qüclü qar yağması səbəbindən təxirə salınıb.
Hazırda “Bayern” 12 turundan sonra 32 xalla Bundesliqanın turnir cədvəlində 2-ci idir. Çempionata 35 xalla “Bayer” başçılıq edir.