AZ

Bakı ilə Boqota arasında məsləhətləşmələr aparıldı

Kolumbiyaya səfər edən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov dekabrın 6-da bu ölkənin xarici işlər naziri Alvaro Duranla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən news365.az-a bildiriblər ki, görüşdə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Kolumbiya Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kolumbiya tərəfindən isə xarici işlər nazirinin müavini Fransisko Koy rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, iqtisadi-ticarət, enerji, humanitar minatəmizləmə, turizm, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb. E.Məmmədov qarşı tərəfə Azərbaycanın sülh gündəliyi, Ermənistanla münasibətlərin normallaşması prosesi, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib.

Məsləhətləşmələrdən sonra “Azərbaycan Milli Kitabxanası ilə Kolumbiya Milli Kitabxanası arasında Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Səfər çərçivəsində E.Məmmədov, həmçinin Kolumbiya Senatının sədri İvan Name ilə görüşüb.

Görüşdə dövlətlərarası və beynəlxalq platformalarda parlament diplomatiyasının artan rolu, qarşılıqlı səfər mübadilələrinin intensivləşdirilməsinin əhəmiyyəti, eləcə də Qoşulmama Hərəkatı və Sakit Okean Alyansı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Eyni zamanda, E.Məmmədov Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”ə müsahibə verib. Müsahibə zamanı Azərbaycan-Kolumbiya ikitərəfli münasibətləri, bu əlaqələrin gələcək inkişaf perspektivləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə suallar cavablandırılıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
17
news365.az

10Mənbələr