Növbədənkənar prezident seçkiləri ilə bağlı qərarın verilməsi özündə bir sıra mühüm məqamları ehtiva edir. Çünki Azərbaycan 2020-ci ildə 30 illik işğala son qoyaraq tarixi ədaləti bərpa edib, torpaqlarımız işğaldan azad olunub. Bu ilin sentyabrında isə Azərbaycan Xankəndidə separatizm yuvasını darmadağın edərək bütün əraziləri üzərində tam suverenliyini təmin etdi. Əlbəttə, yaranmış bu vəziyyət ölkə daxilində və xaricində, həmçinin regionda yeni reallıq deməkdir. Bütün bu reallıqlar yeni yanaşmalar tələb edir. Təbii ki, Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən, dünyadakı separatçılıq ocaqlarından birini sıradan çıxarmasından sonra ölkəmizdə yeni bir dönəmin əsası qoyulur. Növbədənkənar prezident seçkiləri Azərbaycan tarixində çox mühüm bir hadisədir, eyni zamanda, daha ciddi bir mərhələnin başlanğıcıdır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı söyləyib.
Bu seçkilərin tarixə düşəcəyini deyən politoloq qeyd edib ki, Azərbaycan xalqı işğaldan azad olunmuş bütün ərazilərimizdə səs verməklə öz azad siyasi iradəsini ortaya qoymuş olacaq. İşğal nəticəsində illərdir seçki keçirilməyən bölgələrimizdə də artıq azad və demokratik seçkilər təşkil ediləcək. Bu, çox vacib amildir, eyni zamanda, dünyaya verilən bir mesajdır. Bu gün müharibələrin, qarşıdurmaların, separatçılıq meyillərinin dünyanı ağuşuna aldığı bir vaxtda Azərbaycan çox yüksək peşəkarlıq və dəqiqliklə öz torpaqlarını işğaldan azad etdi, öz ərazisində ciddi separatçılıq düyününü aradan qaldırdı. Hansı ki, bununla bağlı heç bir xarici politoloq, beynəlxalq təşkilat proqnoz verə bilmirdi. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə seçkilərin keçirilməsi dünyaya verilən mühüm bir mesajdır. Bu, Azərbaycanın artıq suveren bir ölkə kimi tam ərazisinə nəzarət etməsinin göstəricisidir.
“Hesab edirəm ki, Azərbaycan xalqı bu seçkilərdə qalib, müzəffər bir xalq olaraq ədalətli, obyektiv qərar qəbul edəcək. Bununla da ölkəmizin növbəti inkişaf mərhələsinin əsası qoyulacaq”, - deyə F.Şahbazlı əlavə edib.