AZ

Bakıda “Kənddən Şəhərə” yarmarkaları fəaliyyətə başlayıb

Yarmarkalarda qeydiyyatdan keçmiş 42 regiondan 80-dən çox fermer iştirak edir
Kənd Təsərrüfatı Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” yarmarkaları təşkil edib. Bu gün paytaxtda fəaliyyətə başlayan yarmarkalar 30 dekabr tarixinədək davam edəcək.
Nazirlikdən AYNA-ya bildirilib ki, yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 42 regiondan 80-dən çox fermer iştirak edir. Onlar 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər.
 “Kənddən Şəhərə” Yeni il yarmarkalarının təşkilində əsas məqsəd bayramla əlaqədar şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.
Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Vətəndaşlar satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana bilərlər.
Qeyd edək ki, “Kənddən Şəhərə” Yeni il yarmarkalarında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər piştaxta, tərəzi, soyuducu, digər ləvazimat və avadanlıqlarla təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edilər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstərilir.
“Kənddən Şəhərə” Yeni il yarmarkaları aşağıdakı ünvanlarda keçirilir:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı);
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı).

Seçilən
803
10
ayna.az

10Mənbələr